×
A
A
A
Sazlamalar

ABŞ-ın enerji naziri Donald Trampı sərt tənqid edib

Bakı, 16 sentyabr, AZƏRTAC
ABŞ-ın enerji naziri Rick Perri Prezident Donald Trampın 2018-ci il üzrə büdcə layihəsi çərçivəsində ölkənin strateji xam neft ehtiyatlarını satmaq təklifini sərt formada tənqid edib.
AZƏRTAC xəbər verir ki, nazir D.Trampın 2018-ci il üzrə büdcə layihəsi çərçivəsində ölkənin strateji neft ehtiyatlarını satmaq planına qarşı olduğunu bildirib.
Ölkənin strateji neft ehtiyatlarının fövqəladə hallar, qlobal bazarda gözlənilməz durğunluq və təbii fəlakətlər kimi mühüm vəziyyətlər üçün saxlandığını vurğulayan R.Perri keçən ay ABŞ-ın neft mərkəzi hesab edilən Texas ştatını təsiri altına alan “Harvi” və ötən həftə Florida ştatından tüğyan edən “İrma” qasırğalarına diqqəti çəkib. Bu qasırğalar səbəbindən ABŞ-ın strateji neft ehtiyatlarının əhəmiyyətinin daha da artdığına diqqəti çəkən nazir deyib: “Bu iki qasırğa hər kəsin fikrini dəyişdi. Strateji ehtiyatları saxlamaq fikrinin tərəfdarıyam, lakin büdcə layihəsini mən hazırlamamışam. Prezident D.Tramp da onunla hər mövzuda həmfikir olmağım üçün məni bu vəzifəyə təyin etməyib”.
ABŞ Enerji Nazirliyi “Harvi” qasırğası səbəbi ilə Texas ştatında dayanma vəziyyətinə gələn xam neft istehsalı üçün avqustun 31-də strateji neft ehtiyatlarından 5 milyon barrel xam neftin hissəsinin satılmasına qərar vermişdi.
D.Trampın büdcə layihəsi isə hazırda 677 milyon barrel olan ABŞ-ın strateji xam neft ehtiyatlarının təxminən yarısının mərhələli olaraq satılmasını və 2027-ci ilə qədər 16,6 milyard dollarlıq gəlir əldə etmək məqsədi daşıyır.

Dünya 2017-09-16 11:26:00