×
A
A
A
Sazlamalar

Dünyada insan istedadı ilə bağlı vəziyyət nə yerdədir?

Praqa, 15 sentyabr, AZƏRTAC

Dünyanın hansı ölkəsində əməkdaşlara daha fəal investisiya yatırılır? Bəs harada mütəxəssislər gələcəyə hazır deyillər? Bu və ya digər ölkədə bilik almaq və peşə vərdişlərini inkişaf etdirmək üçün mövcud olan imkanlar əsasında onun gələcək iqtisadi inkişafını, innovasiyalar yaratmaq və dünya bazarında rəqabət aparmaq bacarığını proqnozlaşdırmaq olar.
AZƏRTAC xəbər verir ki, Dünya İqtisadi Forumunun analitikləri dünyanın 130 ölkəsində vəziyyəti təhlil etməklə, insan kapitalının inkişaf səviyyəsinə görə “Human Capital Report” (İnsan kapitalı haqqında hesabat) adlı yeni reytinq tərtib ediblər.
Müqayisəli təhlildə nəzərə alınan başlıca meyarlardan biri təhsil almaq imkanları olub. Əhalinin məşğulluğu, iş təcrübəsi toplamaq imkanı, nou-haulardan xəbərdar olmaq və əməkdaşların ixtisasının artırılması üzrə tədbirlər kimi amillər də mühüm rol oynayıb.
Tədqiqatların nəticələri göstərir ki, Norveç, Finlandiya, İsveçrə, ABŞ və Danimarka kimi ölkələr kadrlar hazırlamağa daha yaxşı müvəffəq olurlar. Bu ölkələrdə nəinki yaxşı təhsil almaq mümkündür, burada peşəkarlığı artırmaq və şəxsiyyətin özünü reallaşdırması üçün də optimal şərait yaradılıb.
Siyahıda altıncı yeri Almaniya tutur. Əvvəlki reytinqdə ilk iyirmi ölkə arasında yer alan Almaniya son iki ildə öz göstəricilərini yaxşılaşdırıb. İlk növbədə peşə həyatına güclü nəzəri və təcrübi hazırlıq səviyyəsi yüksək qiymətləndirilib. Heyətə investisiya yatırmaq sahəsində vəziyyət bir o qədər də ürəkaçan deyildir, belə ki, Almaniya bu sahədə 12-ci yeri tutub.
Siyahıda ilk iyirmi ölkə sırasına Avropa ölkələrindən İsveç, Sloveniya, Avstriya, Estoniya, Niderland, Belçika və İrlandiya daxil olub. Rusiya son iki ildə böyük sıçrayış edərək 26-cı yerdən 16-cı yerə yüksəlib. Təhsilin əlçatan olması yüksək qiymətləndirilib. Rusiya bu meyar üzrə Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Ukrayna kimi postsovet ölkələri ilə bərabər ilk beşliyə daxildir. Əvəzində ixtisasartırma imkanlarına və perspektivdə xüsusilə iqtisadiyyatın tələb etdiyi biliklərin səviyyəsinə görə Rusiya reytinqin liderlərindən xeyli geri qalır.
Bununla belə, Rusiya istedadların inkişafı sahəsində BRİKS ölkələrini qabaqlayır. Məsələn, Çin bu sahədə 34-cü yeri tutur. Amma analitiklər Çinin gələcəyinin mütəxəssislərinin hazırlanması sahəsinə yatırdığı investisiyaları müsbət qiymətləndiriblər.
Reytinqdə 24-cü yeri tutan Ukrayna Böyük Britaniyadan geri qalır, amma Litva və Fransanı qabaqlayır. Afrika, Cənubi Asiya və Yaxın Şərq ölkələri sakinlərinin əmək bazarında rəqabətə hazırlıq səviyyəsi xeyli dərəcədə pisdir. İnsan kapitalının inkişafı səviyyəsinə görə ölkələrin siyahısını Mavritaniya və Yəmən tamamlayır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2017-09-15 18:45:00