×
A
A
A
Sazlamalar

Terrorçuların Sinay yarımadasına hücumu nəticəsində 18 polis həlak olub

Qahirə, 11 sentyabr, AZƏRTAC
Misir KİV-lərinin yaydığı məlumata görə, Sinay yarımadasının Al-Ariş şəhərində terrorçular polisin dörd zirehli avtomobilini uzaq məsafədən partladıblar. Hücum nəticəsində 18 polis həlak olub və Misir təhlükəsizlik qüvvələrinin 7 nümayəndəsi yaralanıb.
AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, terrorçular eyni vaxtda uzaq məsafədən idarə etməklə bir neçə partlayıcı qurğunu işə salıblar və sonra avtomat silahdan polislərə atəş açıblar. Bütün bunlar böyük miqdarda qurbanla nəticələnib.
Hazırda Sinay yarımadasında şəhərlərin küçələrində və iri mərkəzlərdə təhlükəsizlik qüvvələrinin gücləndirilməsi müşahidə edilir.
Təhlükəsizlik qüvvələri Sinayda təhlükəsizliyin təmin olunması, ekstremist elementlərin sığınacaq yerlərinin tapılması və onların məhv edilməsi üçün genişmiqyaslı əməliyyata başlayıblar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2017-09-11 19:25:00