×
A
A
A
Sazlamalar

Almaniyada “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib

Bakı, 1 iyul, AZƏRTAC 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşəbbüsü ilə bu şəhərdə “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabı - “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, Drezden Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, Saksoniya torpağının deputatlarının, Drezden Universitetinin professor və tələbə heyətinin və Drezden Kitabxanasının nümayəndələrinin də iştirak etdikləri tədbirdə qonaqlara kitab haqqında məlumat verilib.
BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysgerber bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatında “Kitabi-Dədə Qorqud” eposundan “Əli və Nino” romanına qədər olan dövrdəki multikulturalizm məqamlarını özündə əks etdirir. O, kitabın tezliklə müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılacağını, yaxın zamanlarda “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan “Azərbaycan multikulturalizminin siyasi-hüquqi qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik” qaynaqları adlı kitabların da işiq üzü görəcəyini bildirib.
Digər çıxışçılar multikulturalizm siyasətinin bugünkü şəraitdə Avropa və Almaniya ictimaiyyəti üçün zəruriliyini vurğulayaraq “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının alman dilinə də tərcümə olunmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden şəhərində filialının yaradılmasının Azərbaycan və Almaniya multikulturalizminin birlikdə öyrənilməsi üçün əlamətdar olduğunu bildiriblər.

Multikulturalizm 2016-07-01 18:27:00