×
A
A
A
Sazlamalar

Azərbaycan multikulturalizmi modelinin Fransada təbliği və öyrənilməsi məsələləri müzakirə olunub

Bakı, 7 may, AZƏRTAC

Fransanın Kalmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. Bu barədə AZƏRTAC-a BBMM-in mətbuat xidmətindən məlumat veriblər.
BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlılıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi Azərbaycanı dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Görüşdə BBMM-in Fransada mümkün layihələri, eləcə də Azərbaycan multikulturalizmi modelinin Fransada təbliği və öyrənilməsi məsələləri müzakirə olunub. Qonaqlar vurğulayıblar ki, son dövrlər tez-tez terror aktlarının törədilməsi səbəbindən Fransada hazırda multikulturalizm anlayışı yanlış qəbul edilir. Dini ekstremizm və dini etiqad azadlığı, multikulturalizm və izolyasiya siyasəti qarışdırılır. Bu mənada nümunəvi model olaraq, Azərbaycan multikulturalizminin bir fənn kimi Fransa universitetlərində də tədris olunması, bütövlükdə cəmiyyətdə təbliği böyük önəm daşıyır.
Sonra BBMM-in tolerantlıq və multikulturalizm ideologiyasının dünyadakı təbliğinə görə Rəvan Həsənov Fransanın parlament medalı ilə təltif olunub. Fransadan gələn qonaqlar isə BBMM-in fəxri üzvləri seçiliblər. Onlara diplom və vəsiqələr təqdim olunub.

Siyasət 2018-05-07 20:08:00