×
A
A
A
Sazlamalar

Növbəti beynəlxalq multikulturalizm yay məktəbi başlayır

Bakı, 30 iyun, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldığı iki ildən artıq müddətdə Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq məhəbbətə çevrilib.
“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə iyulun 18-27-də keçiriləcək. Yay məktəbində Çin, İndoneziya, Nigeriya, Almaniya, Polşa, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Yəmən və İrlandiyanın 18 universitetdən 40-dan artıq tələbənin iştirak edəcəyi gözlənilir. Azərbaycanın universitetlərindən yay məktəbinə 20 tələbə qatılacaq.
Beynəlxalq multikulturalizm yay məktəbi Bakı şəhəri ilə yanaşı, Qəbələ, Oğuz, Şəki və Qaxda fəaliyyət göstərəcək.
Yay məktəbi ərzində iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri planlaşdırılıb.
Yay məktəbinin müdavimləri “Azərbaycançılıq və etnik rəngarənglik”, “Terror multikulturalizmə qarşı”, “Azərbaycan multikulturalizminin tarixi: maddi-mənəvi dəyərlər”, “Multikulturalizm Azərbaycan musiqisində”, “Azərbaycanda dini müxtəliflik” mövzularında mühazirələr dinləyəcək, İsmayıllıda yerli gənclərin iştirakı ilə “Dünya ölkələrində multikulturalizm modelləri” adlı “dəyirmi masa”da iştirak edəcəklər.
Yay məktəbi ərzində tələbələrin Şəhidlər xiyabanı və Fəxri xiyabana, İçərişəhərə, Nic qəsəbəsinə, molokanların kompakt yaşadıqları İvanovka qəsəbəsinə, Kiş kəndinə - Qafqaz Albaniyası abidələrinin yerləşdiyi məkanlara, Lahıca, Şəkidəki xan sarayı kompleksinə, Karvansaraya, Kürmük məbədinə, Oğuzda “Cuhudlar məhəlləsi”nə, Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Qəbələdə “Tufandağ” yay-qış turizm istirahət kompleksinə səfərləri nəzərdə tutulub.
Yay və qış məktəblərinin əcnəbi iştirakçılarının timsalında artıq xaricdə Azərbaycanı sevən, ölkəmizin haqq işini dəstəkləyən lobbi formalaşıb. Xarici universitet tələbələrinin Azərbaycan multikulturallığına öz gözləri ilə şahid olmaları, onların bununla bağlı xarici mətbuat orqanlarında mütəmadi olaraq yazılarla, məqalələrlə çıxış etmələri artıq öz bəhrəsini verir: Bu gün dünyada Azərbaycan multikulturalizmi nəinki tanınır və qəbul edilir, artıq araşdırma və tədqiqat predmetinə çevrilib.

Multikulturalizm 2016-06-30 16:50:00