×
A
A
A
Sazlamalar

Azərbaycanın multikulturalizm dəyərləri Koreya Respublikasında təbliğ edilir

Seul, 17 iyun, AZƏRTAC

Azərbaycanın multikulturalizm dəyərləri Koreya Respublikası Cecu Milli Universitetinin təşkil etdiyi “Cecunun dəyərləri və gələcəyinin müəyyənləşdirilməsi” adlı konfransda müzakirə edilib.
Cecu vilayətinin qubernatoru Von Hye-ryonqun da iştirak etdiyi tədbirdə ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov çıxış edərək Azərbaycandakı multikulturalizm ənənələri və tarixi barədə geniş məlumat verib. Səfir multikulturalizm dəyərlərinin Azərbaycan xalqı üçün həyat tərzi olduğunu və ölkədə dini, milli zəmində ayrı-seçkilik hallarına rastlanmadığını diqqətə çatdırıb.
R.Teymurov çıxışında Azərbaycan əhalisinin böyük əksəriyyətinin İslam dininə mənsub olmasına baxmayaraq, ölkədə məscidlər ilə yanaşı, kilsə, sinaqoq və digər ibadətgahların azad şəkildə fəaliyyət göstərdiklərini, onların əksər hissəsinin Azərbaycan dövlətinin maliyyəsi hesabına tikildiyini və ya bərpa edildiyini bildirib.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, paytaxt Bakıda erməni kilsəsinə toxunulmadığını, hətta kilsənin təmirinə dövlət tərəfindən vəsait ayrıldığını diqqətə çatdıran səfir diqqətə çatdırıb ki, yalnız bu faktın özü Azərbaycanda tolerantlığın səviyyəsini nümayiş etdirir.
Bildirilib ki, dövlət başçısının Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib, multikulturalizm dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə xüsusi dövlət institutu – millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti təsis edilib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başlayıb. Bütün bu addımlar multikulturalizm dəyərlərinin qorunmasına göstərilən dövlət qayğısının göstəricisidir.
Səfir R.Teymurov Azərbaycanın multikulturalizm sahəsindəki təcrübələrini beynəlxalq ictimaiyyət, o cümlədən Koreya Respublikası ilə bölüşməyə hazır olduğunu bildirib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul

Multikulturalizm 2016-06-17 16:49:00