×
A
A
A
Sazlamalar

Multikulturalizm Rusiya-Azərbaycan münasibətlərinə daha bir dəstək olacaq

Moskva, 8 iyun, AZƏRTAC

Azərbaycanda “Multikulturalizm ili” xalqların yaxınlaşmasına və qonşu ölkələr arasında dostluğun möhkəmlənməsinə kömək edir.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun məlumatında qeyd edilir ki, Azərbaycan multikulturalizmi tədricən dünya fenomeni kimi şöhrət qazanır. Təəccüblü deyil ki, tolerantlığın vətəni sayılan Avropada müxtəlif mədəniyyətlərin bərabərhüquqlu, dinc yanaşı mövcudluğu ideyasının ölüb getməsi barədə söhbətlərin çoxaldığı bir vaxtda müsəlman ölkəsində multikulturalizm məktəblərdə və universitetlərdə tədris edilir, bu ölkədə yaşayan bütün xalqların bir-birinə münasibətdə dözümlülük və hüquq bərabərliyi dövlət siyasətinin əsasına çevrilir. Azərbaycanda milli və ya dini zəmində münaqişələrin nə demək olduğunu əsla bilmirlər.
Dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyir: “Rus diasporunun həyatı və rus dilinə münasibət həqiqi multikulturalizm nümunəsidir. Burada pravoslav məbədləri bərpa olunur, məktəblərdə rus şairlərinin yaradıcılığı üzrə olimpiadalar və müsabiqələr keçirilir, rus mədəniyyəti bütün çoxmillətli Azərbaycan mədəniyyətinin tərkib hissəsi sayılır. Rus icmasının üzvləri ölkə həyatının bütün aspektlərində iştirak edirlər, onlar öz vətənlərinin tamhüquqlu vətəndaşlarıdır. Postsovet məkanında nadir hala çevrilmiş bu cür beynəlmiləlçilik həm respublika daxilində əmin-amanlığa, həm də Rusiya ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir”.
Maraqlıdır ki, hələ 20 il bundan əvvəl Azərbaycanda rusiyalı həmvətənlərin ictimai təşkilatlarının əlaqələndirmə şurası yaradılıb. Şura öz sıralarında ictimai fəalları, dini konfessiyaların, ziyalıların nümayəndələrini, kütləvi informasiya vasitələri təmsilçilərini birləşdirir. Bu yaxınlarda onlar hamısı Bakıda keçirilmiş tematik ölkə konfransında iştirak ediblər. Bu tədbir multikulturalizmin yayılmasında və inkişafında – həm ölkələr arasında, həm də respublika daxilində qarşılıqlı əməkdaşlığın, millətlərarası münasibətlərin genişlənməsində və dərinləşməsində, mədəni əlaqələrin tənzimlənməsində rusiyalı həmvətənlərin rolu məsələsinə həsr edilib. Rusiyanın Azərbaycandakı səfiri Viktor Doroxin bu mühüm tədbirin açılışında deyib: “Azərbaycanda müxtəlif xalqların, o cümlədən rusdilli sakinlərin dil və mədəniyyət ənənələrinin qorunub saxlanmasına yönəlmiş işlər rəğbətlə qarşılanır və dəstəklənir, bu tədbirlər dövlət siyasəti dərəcəsinə yüksəldilib. Mənim fikrimcə dünyada bütün ili multikulturalizm adlandırmaq üçün mənəvi haqqı olan dövlətlər çox deyil”.
Azərbaycanın belə hüquqa malik olmasına şübhə etməmək olar. Bunun üçün ölkənin təhsil həyatında baş verən hadisələrin təqviminə nəzər salmaq kifayətdir. Bu təqvimdə əsas hadisələrdən biri iyunun 6-da Aleksandr Sergeyeviç Puşkinin doğum günündə rus dili və ədəbiyyatı üzrə VIII Respublika olimpiadasına yekun vurulması mərasimidir. Builki müsabiqədə rekord sayda şagird iştirak edib. Onlar hətta Azərbaycanın ən ucqar guşələrini də təmsil edirdi. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində bildiriblər ki, birinci olimpiadada cəmi 40 məktəbli iştirak edirdisə, bu il keçirilmiş VIII müsabiqəyə 1300-dən çox yeniyetmə qoşulub.
Ölkənin təhsil nazirinin müavini Ceyhun Bayramov deyir ki, bu, qürur duymaq üçün əsas verir: olimpiadada iştirak edən şagirdlərin sayının artması azərbaycanlıların rus dilinə marağını bir daha nümayiş etdirir. Biz multikulturalizmin həyat tərzinə çevrildiyi tolerant və qonaqpərvər Azərbaycanla fəxr edirik. Olimpiadanın keçirilməsi yaxşı bir ənənəyə çevrilib. Mən bu tədbirdə iştirak edən və yüksək nəticələr göstərən uşaqların fəallığına görə fəxr edirəm.
Rus dilinin millətlərarası ünsiyyət dili kimi qorunub saxlanması Azərbaycanın Rusiya ilə yaxınlaşmasına kömək edir, vaxtilə bir ölkənin tərkibində yaşamış millətlərin ortaq mədəni kodunu qoruyur. Multikulturalizm siyasəti çoxmillətli Rusiyaya çox yaxındır. Burada yaxşı başa düşürlər ki, ölkənin ruhunu qoruyub saxlamaq üçün bütün ənənələrə hörmət bəsləmək, bütün mədəniyyətləri qoruyub saxlamaq lazımdır. Bu məqsədlə Rusiyada çoxsaylı beynəlxalq seminarlar, federal və regional səviyyəli konfranslar keçirilir. Belə tədbirlərdən biri bu yaxınlarda Ufada keçirilmiş türk gənclərin musiqi yaradıcılığının XVIII müsabiqə-festivalı oldu. “Ural mono-2016” adlı bu festivalda bir sıra türkdilli ölkələri, o cümlədən Azərbaycanı da təmsil edən 50-dən çox ifaçı və yaradıcı kollektiv böyük uğurla iştirak edib. Gənc vokalçı Nicat Rəhimov xüsusi təltifə - Abay adına diploma layiq görülüb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Multikulturalizm 2016-06-08 16:01:00