×
A
A
A
Sazlamalar

Fransa universitetlərindən birində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı məsələ müzakirə olunub

Bakı, 28 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ilə görüşüb.
Görüşdə Kamal Abdullayev Azərbaycanda tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünya ictimaiyyətinə tanıdılması üçün atılan addımlardan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən ətraflı söz açıb.
Senator Jan-Fransua Mansel rəhbərlik etdiyi Assosiasiyada Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini, qurumun yarandığı vaxtdan indiyədək Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəmədiyini bildirib.
Görüşdə yaxın gələcəkdə Fransa universitetlərindən birində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, Fransanın müxtəlif şəhərlərində multikulturalizm mövzusunda konfrans və “dəyirmi masa”ların təşkili ilə bağlı müzakirələr aparılıb.

 

Multikulturalizm 2016-04-28 16:25:00