×
A
A
A
Sazlamalar

Azərbaycan multikulturalizmi Avropanın diqqətində

Bakı, 22 aprel, AZƏRTAC

Dünyada artan qeyri-sabitlik fonunda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin birgə yaşamasına əsaslanan Azərbaycan multikulturalizmi və tolerantlığı hər kəsə örnəkdir.
Bu fikri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden Filialının müşaviri Ağahüseyn Babayevlə görüşündə Almaniyanın Saksoniya torpağının ravvini Şneor Avlin bildirib.
BBMM-in Drezden filialının fəaliyyəti və məqsədləri haqqında ravvinə məlumat verən A.Babayev Azərbaycanın multikulturalizm modeli, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti, birgəyaşayışın Azərbaycan modelinin dünyanın qabaqcıl universitetlərində, eləcə də Almaniyanın Auqsburq Universitetində öyrənilməsi ravvinin diqqətinə çatdırılıb. Əhalinin əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanda bütün dinlərə bərabər hörmətin olması, müsəlmanların, yəhudilərin və xristianların ölkədə mehribancasına yaşaması xüsusi olaraq vurğulanıb.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aprel ayının əvvəlində baş verən hadisələrdən çox təəssüfləndiyini qeyd edən ravvin Avlin yəhudi xalqının bir nümayəndəsi kimi Azərbaycan xalqının ağrılarını paylaşdığını deyib. O, həmçinin bildirib ki, XX əsrin ən dəhşətli soyqırımları hesab olunan Holokost və Xocalı qırğınları hər iki xalqın başına gətirilən faciələrdir. Xocalı soyqırımına ədalətli hüquqi qiymətin verilməməsi çox təəssüf doğurur.
Şneor Avlin Azərbaycan hakimiyyətinin həyata keçirdiyi mütərəqqi multikulturalizm siyasətini ölkədə fəaliyyət göstərən yəhudi icmasının da yaxından hiss etdiyini qeyd edib. Bildirib ki, Azərbaycandakı Qırmızı qəsəbə İsraildən sonra yəhudilərin kompakt yaşadığı ikinci məkandır. Bu gün Azərbaycanın tolerantlığını görmək istəyən hər kəsin bu qəsəbəyə getməklə müsəlman və yəhudilərin mehriban dostluğunu görməsi kifayətdir.
BBMM-in Drezden filialının açılmasının çox vacib addım olduğunu bir daha vurğulayan qonaq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayaq qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Multikulturalizm 2016-04-22 12:52:00