×
A
A
A
Sazlamalar

Astarada multikulturalizmlə bağlı yeni kitabların təqdimatı olub

Astara, 5 aprel, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə bölgə əhalisinin maarifləndirilməsi, azərbaycançılıq məfkurəsinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili, əlavə təlim və təhsil verməklə yerli gənclərin peşə hazırlığının yüksəldilməsi, onların məşğulluğuna dəstək verilməsi məqsədilə Astara şəhərində Bilik Evi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bilik Evində dinləyicilər üçün ödənişsiz kompyuter, ingilis və rus dilləri üzrə kursların, o cümlədən peşəyönümlü hazırlıq kurslarının açılması, maarifləndirici tədbirlərin, mühazirələrin təşkili nəzərdə tutulub.
“Multikulturalizm ili” çərçivəsində Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Bilik Fondu və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olaraq nəşr edilmiş “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları”, görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Kitabi-Dədə Qorqud” dastanının “Basatın Təpəgözü öldürdüyü boy”unun 25 dilə, o cümlədən talış dilinə tərcümə edilmiş nəşrinin təqdimatı olub.
Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova rayonda Bilik Evinin fəaliyyətə başlamasına göstərilən dəstəyə görə Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib, “Multikulturalizm ili” çərçivəsində çap olumuş yeni kitabların təqdimatının gənclərin dünyagörüşünün formalaşmasındakı rolunu yüksək dəyərləndirib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, “Multikulturalizm ili” çərçivəsində çap olunmuş və nəşri nəzərdə tutulan yeni kitablar haqqında danışıb.
Astara şəhərində fəaliyyətə başlayan Bilik Evinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu yeni kitabların bədii məziyyətlərindən, talış dilinə tərcümə etdiyi “Basatın Təpəgözü öldürdüyü boy”un ərsəyə gəlməsindən söz açıb.
Yeni kitabların nüsxələri rayonun təhsil və mədəniyyət müəssisələrinin rəhbərlərinə verilib.
Bilik Fondu tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş latın qrafikalı kitablar Astara şəhərindəki “Qum” məscidinə hədiyyə edilib.

Multikulturalizm 2016-04-05 12:54:00