×
A
A
A
Sazlamalar

Nevada ştatının universitetlərindən birində “Azərbaycan multikulturalizmi” fənni tədris ediləcək

Bakı, 4 aprel, AZƏRTAC

Yaxın gələcəkdə Nevada ştatının ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi ilə bağlı tanışlıq mühazirələri, sonrakı mərhələdə isə Nevada universitetlərindən birində “Azərbaycan multikulturalizmi” fənni tədris ediləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə razılıq aprelin 4-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin Nevada Ştat Assambleyasının sədri Con Həmbrik ilə görüşündə əldə edilib.
Xatırladaq ki, ki, 2015-ci il aprelin 29-da Con Həmbrikin birbaşa dəstəyi ilə Nevada Ştat Assambleyası tərəfindən Azərbaycanda mövcud olan multikultural durum və tolerantlıq ənənələrinin təqdir olunduğu sənəd qəbul edilib.
Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanla bağlı xeyirxah fəaliyyətinə görə Con Həmbrikə minnətdarlığını bildirib. O deyib: “Azərbaycanda sizi yaxşı tanıyırlar. Ədalətin tərəfində olduğunuz üçün sizə təşəkkür edirik. Azərbaycan Prezidenti İlham Əliyev həmişə deyir ki, Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə arxalanırıq. Siz də dünya ictimaiyyətinin dəyərli nümayəndələrindən birisiniz. Xalqımız Azərbaycanla bağlı gördüyünüz işlərə görə sizə ən xoş arzularını çatdırır”.
BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev Assambleya sədrinə Mərkəzin yaradılması və fəaliyyəti haqqında məlumat verib: “Prezident İlham Əliyevin Sərəncamı ilə təxminən il yarım əvvəl təsis olunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanın dövlət və xalq olaraq multikulturalizmə verdiyi dəyərin bu Mərkəz vasitəsilə bir çox ölkələrə çatdırılmasıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə “Azərbaycan multikulturalizmi” fənni Avropanın bir çox universitetlərində, bütövlükdə isə dünyanın 13 ölkəsinin ali təhsil ocaqlarında tədris edilir. Mərkəz tərəfindən mütəmadi olaraq Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri təşkil olunur. Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın müxtəlif universitetlərində Azərbaycan multikulturalizmini öyrənən tələbələr yay və qış məktəblərində iştirak edərək bunun əyani şahidi oldular”.
Con Həmbrik Azərbaycanda ikinci dəfə səfərdə olmasından məmnunluğunu ifadə edərək Nevada ştatı seçicilərinin salamını çatdırıb. O, bundan sonra da Azərbaycanla Nevada ştatı arasında müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd edib.

Multikulturalizm 2016-04-04 19:43:00