×
A
A
A
Sazlamalar

Qəbələdə “Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi açılıb

Qəbələ, 28 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayon Mərkəzi Kitabxanasında “Multikulturalizm və Azərbaycan” mövzusunda sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgidə çıxış edənlər Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışıblar. Bildirilib ki, multikulturalizm bir çox fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Xalqımız qədimdən bəri cəmiyyətdə harmoniyaya şərait yaradıb. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə Qəbələ rayonunda yaşayan azsaylı xalqların mədəniyyəti, adət-ənənələri, yaşam tərzi, mətbəxi haqqında fotoşəkillər, kitablar, jurnallar, məlumat kitabçaları nümayiş olunur. İştirakçılara məlumat verilib ki, Qəbələdə yaşayan azsaylı xalqlar arasında udinlər və ləzgilər üstünlük təşkil edirlər. Nic qəsəbəsində yaşayan udinlər qədim Qafqaz Alban dövlətinin ərazisində mövcud olan 26 azsaylı xalqdan biridir. Udinlərin qədim “Cotari” alban kilsəsi 2003-cü ildə dövlət tərəfindən qeydiyyata alınaraq əsaslı təmir olunub. Tolerantlığın kiçik modeli hesab olunan Nic qəsəbəsində iki məscid fəaliyyət göstərir. Ləzgilər isə əsasən rayonun Qəmərvan, Laza, Əmirvan, Yeni kənd kəndlərində yaşayırlar.
Qeyd edək ki, ilin sonunadək davam edəcək sərgi məktəblilərin, müəllimlərin, gənclərin marağına səbəb olub.

Multikulturalizm 2016-03-28 19:38:00