×
A
A
A
Sazlamalar

Dini fanatizm və ekstremizm multikultural cəmiyyət üçün təhlükəlidir

İsmayıllı, 17 mart, Adil Ağayev, AZƏRTAC

İsmayıllıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi çərçivəsində keçirilən elmi konfransda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Sərrah Hüseynov Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsindən, multikultural ənənələrin qorunması, tolerantlıq mühitinin formalaşdırılması sahəsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar.
Bildirilib ki, bu gün dünyada gedən siyasi proseslər, baş verən qarşıdurmalar, islamafobiya təzahürləri bəşəriyyət üçün bəlaya çevrilib. Belə bir şəraitdə Azərbaycanda hökm sürən tolerantlığın, multikulturalizm ənənələrinin bir nümunə olduğu artıq etiraf edilməkdədir. Unutmaq olmaz ki, dünyadakı bütün problemlərin həlli məhz multikulturalizmdən, tolerantlıq mühitinin formalaşdırılmasından keçir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması əsrlərdən bəri multikultural ənənələrə verilən çox önəmli dəyərdir.
Elmi konfrans digər çıxışlarla davam etdirilib. Çıxışlarda bildirilib ki, dini fanatizm və ekstremizm multikultural cəmiyyət üçün təhlükəlidir. Radikal dini təriqətlərə və cərəyanlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi bu gün prioritet məsələlərdəndir.
Martın 17-də rayon mərkəzində Cümə məscidində yaradılan kitabxananın da açılışı olub.

Multikulturalizm 2016-03-17 20:51:00