×
A
A
A
Sazlamalar

Azərbaycan multikulturalizmi demokratiya və mədəniyyət münasibətlərinin inkişafına parlaq örnəkdir

Paris, 14 mart, AZƏRTAC

Martın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdəki qərargahında təşkilatın mədəniyyət, elm və təhsil komitəsinin növbəti iclası keçirilib. Toplantı komitə üzvlərinin martın 13-də Ankarada törədilmiş terror aktı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Komitə iclasında Avropa siyasi mədəni həyatının bir sıra aktual və kəsişən problemləri ətrafında geniş fikir mübadilələri aparılıb. “Gənclik korrupsiyaya qarşı”, “Rəqəmsal dövrdə intellektual mülkiyyət hüquqları”, “Ölkə xaricində yaşayan icmaların təhsil və mədəniyyət şəbəkələri”, “Yeni texnologiyalar və Türkiyədə təhsil sistemində islahatlar - “Fatih layihəsi” və digər məruzələr ətrafında fikir mübadilələrində yalnız komitə üzvləri deyil, dəvət edilmiş mütəxəssislər də fəal iştirak ediblər.
Serbiyalı deputat Vesna Maryanoviçin “Mədəniyyət və demokratiya” adlı məruzəsi də ciddi müzakirələr doğuran mövzular sırasında olub. Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun rəhbəri Klaudio Luçaninin ekspert olaraq bu müzakirələrə qatılması toxunulan problemlər çərçivəsini bir qədər də genişləndirib.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov müzakirələrə qatılaraq deyib: “Mədəniyyət və demokratiya, əlbəttə ki, bir-birindən ayrılmazdır. Həyatın bütün sahələri, həmçinin siyasət də mədəniyyətə arxalananda, onunla əlaqəli fəaliyyət göstərəndə əldə edilən uğurlar daha çox olur. XX əsrin əvvəllərinin alman filosofu Volter Benjaminin üzərində düşündüyümüz mövzuya uyğun mülahizəsi ilə razılaşmamaq çətindir. O yazırdı ki, siyasəti mədəniyyətdən ayırsaq, şərlə xeyirin sərhədlərini müəyyənləşdirmək çətinləşər, hər şey statik olar. Avropa və dünya gerçəkliyinin müasir mənzərəsini göz önünə gətirəndə bu qənaətin doğruluğunu təsdiq edən yetərincə örnəklərlə rastlaşırıq”.
Demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması istiqamətində mədəniyyətin vacib roluna toxunan Rafael Hüseynov bildirib ki, tarixin bütün dövrlərində mədəniyyət ictimai-siyasi həyatda tənzimləyici rol oynayıb. Məhz bu missiyası mədəniyyəti həmişə asılılıqdan azad olmağa, sərbəst fəaliyyət göstərərək demokratik dəyərlərin qorunmasına və onların daha işlək olmasına yardım göstərməyə səfərbər edib. O, Avropa ölkələrinin hər birinin çoxmillətli, etnik baxımdan rəngarəng olduğunu qeyd edib. Bildirib ki, ölkələr arasında gediş-gəliş, müxtəlif miqrasiyalar da artıb. Belə bir vəziyyətdə məhz mədəniyyət insan hüquqlarının daha yaxşı qorunması, demokratik normalara daha dəqiq riayət edilməsi, təbəqələşmənin deyil, bərabərliyin, yaxınlaşmanın üstünlük təşkil etməsi istiqamətində ən münasib müstəviyə çevrilir.
Azərbaycanlı deputat ölkəmizin demokratiya və mədəniyyət sahəsindəki töhfələrindən də bəhs edib. Rafael Hüseynov Azərbaycanda bu istiqamətin dövlət siyasəti səviyyəsində həyat keçirilməsinə multikulturalizmlə bağlı görülən genişmiqyaslı işləri misal göstərərək deyib: “Elə bu günlərdə Bakıda dünyanın 53 ölkəsindən 300-dən artıq nümayəndənin iştirak etdiyi bir çox sessiyalardan ibarət olan IV Qlobal Bakı Forumu keçirilib. “Çoxqütblü dünyaya doğru” devizi ilə keçirilən sessiyada müxtəlif ölkələrin siyasətçiləri, dövlət xadimləri, hazırkı və sabiq prezidentləri, baş nazirləri, aparıcı simaları iştirak ediblər. Qlobal və regional problemlər, münaqişələr, iqtisadi əməkdaşlığın perspektivləri, miqrasiya məsələləri, bir sözlə, bu gün dünyanı narahat edən ən aktual mövzular müzakirə obyekti olub. Amma Forumun ilk günündən sonunadək davam edən dinləmələrdə mədəniyyət mövzusu qırmızı xətt olaraq keçib və onun açar element, ümdə birləşdirici amil olması dəfələrlə vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanda 2016-cı il “Multikulturalizm ili” elan edilib və tarixən ölkə üçün düşüncə tərzi, həyat meyarı sayılmış bu sahə ilə bağlı fəaliyyətlər indi daha sistemli şəkildə gerçəkləşdirilir. Azərbaycan multikulturalizm istiqamətindəki ardıcıl fəaliyyətləri ilə münasib nümunə ortaya qoyur, siyasətlə mədəniyyətin vəhdətinin, demokratiya ilə mədəniyyətin ayrılmazlığının əyani və təqdirəlayiq modelini təqdim edir”.
Məruzəçi Vesna Maryanoviç də Avropada mədəniyyətlər arasında yaxınlaşmanın təmin edilməsində Bakıda keçirilən beynəlxalq tədbirlərin, xüsusilə özünün də iştirakçısı olduğu humanitar forumların əhəmiyyətindən məmnunluqla söz açıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Multikulturalizm 2016-03-14 20:11:00