×
A
A
A
Sazlamalar

Azərbaycan multikulturalizm vahəsidir

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Ukraynanın “Versii.com. Fabrika analitiki” internet portalında Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri Zeynal Ağazadənin “Azərbaycan multikulturalizm vahəsidir” sərlövhəli geniş məqaləsi yerləşdirilib.
Materialda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan paytaxtında təşkil etdiyi “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumundan söhbət açılır. Məqalədə deyilir ki, Forum beynəlxalq təhlükəsizlik; regional təhdidlər; qlobal iqtisadi problemlərin ciddi nəticələri; iqlim dəyişiklikləri və energetika siyasəti; neft hasil edən ölkələrin rolu; dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi aktual mövzuların müzakirəsi üçün siyasi məkana çevrilib. Əsas mövzulardan biri də multikulturalizm və onun prinsiplərinin sabit cəmiyyət quruculuğuna tətbiqində Azərbaycanın təcrübəsi olub.
Analitik materialda vurğulanır ki, dünyada təhdidlər yaranır, millətçilik, dini və etnik zəmində dözümsüzlük, ilk baxışda yad görünən hər hansı dəyərin inkar və rədd edilməsi meyilləri artır.
Məqalə müəllifi xüsusi qeyd edir ki, yalnız dözümlülük, sülhpərvərlik, tolerantlıq təbliğ edən cəmiyyətlər mürəkkəb dövrün təhdid və çağırışları qarşısında davam gətirmək iqtidarındadır. Tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqları, dini və milli zəmində heç bir qarşıdurmanın olmadığı, unikal tolerantlıq mühitinin hökm sürdüyü bir məkan olan Azərbaycan qarşılıqlı dinlərarası və sivilizasiyalararası anlaşma üçün gözəl örnəyə çevrilib. Məqalədə deyilir: “Təsadüfü deyildir ki, Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və Azərbaycanın bu təcrübəsinin dünyada təbliği ölkənin indiki rəhbərliyinin dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.
Materialda rəsmi Bakının təşəbbüslərindən, son illər Azərbaycanda dünya miqyaslı çoxsaylı forumların keçirilməsindən, Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda Multikulturalizm İli elan etməsindən, habelə Azərbaycanın dövlət başçısının Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasından və bir çox digər məsələlərdən danışılır. Daha sonra məqalədə deyilir ki, Azərbaycanın sahib olduğu multikultural dəyərlərin və tolerantlıq ənənələrinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun böyük rolu var. Bu sözlərin təsdiqi olaraq məqalədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər sadalanır. Məqalədə xüsusi vurğulanır: “Azərbaycanda dinlər və etiqadlar arasında fərq qoyulmur. Dövlət və Heydər Əliyev Fondu beynəlxalq arenada da həmin məsələlərə eynən bu şəkildə yanaşırlar. Tam əminliklə demək olar ki, məhz Azərbaycan modeli həm islam dünyası, həm də Qərb üçün praktiki olaraq ən yaxşı örnəkdir.
Təsadüfi deyildir ki, aprelin 25-27-də Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi məkanı məhz Bakı seçilib. Bu, həm də ölkədə, eləcə də bütün dünyada multikulturalizm ideyalarının inkişafına, təkmilləşdirilməsinə və yayılmasına Azərbaycanın töhfəsinin etirafı deməkdir”.
Məqalənin tam mətnini http://versii.com/news/344849/
linkindən oxuya bilərsiniz.

Multikulturalizm 2016-03-14 17:45:00