×
A
A
A
Sazlamalar

Veteranlarımız multikulturalizm dəyərlərinin təbliğinə əhəmiyyətli töhfə verirlər

Bakı, 11 mart, AZƏRTAC

Multikulturalizmin Azərbaycanın dövlət siyasətinə, o cümlədən xalqımızın həyat tərzinə çevrilməsi ölkəmizin mühüm uğuru, zəngin mənəvi sərvətidir. Azərbaycanda multikultural dəyərlər əsrlərə söykənir. Böyük Vətən müharibəsində iştirak edən veteranlar tolerantlığa, multikultural dəyərlərə sadiqliklərini fəaliyyətləri ilə nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir” mövzusunda keçirilən elmi-praktiki konfransda səslənib.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində bir arada yaşadığı multikultural cəmiyyətin Azərbaycanda tarixən mövcud olduğunu vurğulayıb. Bildirib ki, dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni inkişafına mühüm şərait yaradan multikulturalizm xalqlar arasında qarşılıqlı anlaşmanın, dostluq və əməkdaşlığın dərinləşdirilməsinin əsas təməllərindən biridir. Azərbaycanda bu münasibətlər daim qorunub, xalqlar və insanlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına yüksək diqqət göstərilib. Müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan əsrlər boyu ayrı-ayrı millətlərin və mədəniyyətlərin inkişaf etdiyi ölkə kimi tanınıb. Xüsusilə son 20 ildə ölkəmizdə bu dəyərlər dövlət səviyyəsində himayə edilir.
D.Rzayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Fərmana əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkədə multikultural mühitin daha da inkişafına mühüm töhfə verib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoq mühitinin yeni səviyyəyə qaldırılmasına imkan verəcək. Veteranlar Təşkilatı da həmin Sərəncamdan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün potensialını səfərbər edib. Bu məqsədlə qurum tərəfindən təhsil ocaqlarında, yerli təşkilatlarda veteranların iştirakı ilə bir sıra tədbirlərin təşkili planlaşdırılır.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov Xidmətin ölkəmizdə multikulturalizm dövlət siyasətinin həyata keçirilməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O bildirib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Azərbaycanda multikultural dəyərlərin qədim tarixi olduğunu vurğulayan C.Məmmədov ölkəmizdə tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadıqlarını bildirib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə dövlət tərəfindən qayğı göstərilir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizmi ili” elan edilməsi yüz illərdir digər dinlərə və mədəniyyətlərə hörmət edən və bunu bir yaşam tərzi olaraq mənimsəyən xalqımızın beynəlxalq birliyə verdiyi sülh çağırışıdır. Bu gün Azərbaycandakı multikulturalizm, tolerantlıq modeli dünyaya nümunədir. Dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqi gözəl nəticələr verə bilər. Ölkəmizdə multikulturalizm ənənələrinin təbliği üçün müxtəlif tədbirlər keçirilir, Azərbaycan multikulturalizmi fənni tədris olunur. Sevindirici haldır ki, veteranlarımız da multikulturalizm dəyərlərinin təbliğinə əhəmiyyətli töhfə verirlər.
Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Multikulturalizm təhlükəsizliyin təminatında mühüm vasitədir”, Respublika Veteranlar Təşkilatının daimi komissiyasının sədri Zahiddin Abbasov “Multikultural dəyərlər, tolerantlıq - Azərbaycanın dünyaya ixrac edilə bilən qiymətli sərvətidir”, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Multikulturalizm və tolerantlıq - Azərbaycan cəmiyyətinin həyat tərzidir” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə və çıxışlarda multikultural təhlükəsizlik anlayışı, ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmini, dövlət siyasətində dini müxtəlifliyin cəmiyyətdə tənzimlənməsi məsələləri barədə söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi olmasının ölkəmizin inkişafında müstəsna rolu var. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Tolerantlığın Azərbaycan nümunəsi göstərir ki, multikulturalizmin alternativi yoxdur.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Multikulturalizm 2016-03-11 14:05:00