×
A
A
A
Sazlamalar

Azərbaycan multikulturalizminə dair virtual “dəyirmi masa”ların materialları qiymətli əyani vəsaitdir

Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə vaxtaşırı yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif aktual mövzulara həsr olunan silsilə virtual “dəyirmi masa”lar təşkil edilir. Həmin “dəyirmi masa”ların materialları BBMM tərəfindən kitabçalar şəklində nəşr olunub. İndiyədək bu silsilədən “Müasir dövrdə Azərbaycanda sosial -iqtisadi və mənəvi inkişafın harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi: problemlər və perspektivlər” və “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” adlı kitabçalar Azərbaycan, rus və ingilis dilində oxucuların ixtiyarına verilib. Bu nəşrlər Azərbaycan multikulturalizmi modelini həm ölkədə, həm də dünyada tədqiq, təşviq, təbliğ etmək üçün ali və orta təhsil müəssisələrinin, müxtəlif təşkilat və qurumların, eləcə də ölkəmizə gələn xarici qonaqların istifadə edə biləcəyi qiymətli əyani vəsaitdir.

“Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası”

İlk virtual “dəyirmi masa” “Müasir dövrdə Azərbaycanda sosial -iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusuna həsr olunub. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Braziliyanın Paraiba Dövlət Universitetinin professoru Sudha Svarnakar, İtaliyanın Romualdo Del Bianko Fondunun prezidenti, memar Paolo Del Bianko, Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Almaniyanın Ostvald fon Volkenştayn - Qezelşaft Fondunun prezidenti, professor Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə israilli ekspert Arye Qut, italiyalı politoloq və naşir Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov iştirak ediblər. “Dəyirmi masa”da Azərbaycanın sosial-iqtisadi inkişafı ilə mənəvi inkişafı arasındakı münasibət müzakirə olunub.

“Dəyirmi masa”nın yekun nəticəsi kimi qeyd olunub ki, müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı xalqımızın mənəvi sıçrayışı fonunda baş verir.

“Multikultural təhlükəsizlik”

“Multikultural təhlükəsizlik” mövzusunda təşkil olunmuş ikinci virtual “dəyirmi masa”ya dövlət müşaviri Kamal Abdullayev, professor Etibar Nəcəfov, britaniyalı rəssam, dizayner Lititsiya Reuss, Almaniyanın Psixoloqlar və Psixoterapevtlər Assosiasiyasının psixoterapevti Galina Heinzelmann, professor Əlikram Abdullayev, ABŞ-ın Berkli Universitetindən Liladhar Pendse, Kaliforniya Ştatının Məclisinin spikeri Antonio Villaraigosa, professor Zümrüd Quluzadə, ABŞ-ın Purdue Universitetinin professoru Cəmalüddin Hüseyn, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, fiziologiya və tibb üzrə 1991-ci il Nobel mükafatı laureatı, professor Ervin Neher, Böyük Britaniyanın Lids Universitetinin professoru Aksel Müller, İsrailin Akko şəhərinin meri Şimon Lankri, Almaniyanın Vürtsburq Universitetinin orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann qatılıblar. 

Dövlət müşaviri Kamal Abdullayev vurğulayıb ki, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi az olsa da, mənəvi təcrübəsi böyükdür: “Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Bu da təbii ki, multikultural mühitin Azərbaycan cəmiyyətinə əvvəldən xas olmasına bir sübutdur. Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu təcrübəsinin səbəbinə gəldikdə isə bir daha onu qeyd etmək lazımdır ki, Azərbaycandakı multikulturalizm kənardan cəmiyyətimizə gətirilməyib, “idxal” edilməyib. Burada sonrakı miqrasiyalara qarşı təbii “peyvənd sindromu” vardı. Burada multikulturalizm əsrlər boyu uzun təkamül yolu keçərək formalaşıb və geniş yayılıb. Azərbaycandakı mövcud multikultural mühit Avropadakı ilə müqayisədə daha qədim, daha möhkəm və daha dayanıqlıdır. Multikulturalizm baxımından Azərbaycan özünütutmuş cəmiyyətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir. Elə buna görə də Azərbaycan kimi ölkələr multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində yaranan problemlərə sinə gərməyi bacarır”.
Virtual “dəyirmi masa”da multikultural təhlükəsizlik məsələsi ilə bağlı maraqlı fikirlər səslənib. Professor Etibar Nəcəfov yekun olaraq bildirib ki, multikultural təhlükəsizliyin təmin olunması dedikdə hər hansı bir ölkədə ilk növbədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə edilməsi, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi nəzərdə tutulur: “Bundan başqa, cəmiyyətdə multikultural təhlükəsizliyin təmin edilməsinin mühüm hədəflərindən biri cəmiyyət daxilində insanların müxtəlifyönlü inteqrasiyasına nail olmaqdır. Tarixi təcrübə göstərir ki, çoxmədəniyyətli dövlətlərin əksəriyyəti, o cümlədən Qərbi Avropa dövlətləri bu məsələyə, yəni, multikultural təhlükəsizliyin təmin olunmasına, obyektiv, bəzən isə subyektiv səbəblərdən kifayət qədər ciddi yanaşmırlar. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması sahəsində yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olur. Bu, məsələn, Ermənistanda yaxın keçmişdə belə hallara gətirdi. Son dövrdə Avropanın bir sıra ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir. Azərbaycan isə başqa siyasi istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də öz yolunu gedir. Azərbaycanın multikulturalizm sahəsində, ölkədə multikulturalizm təhlükəsizliyinin təmin edilməsində olduqca zəngin və unikal təcrübəsi və böyük nailiyyətləri var. Bu “dəyirmi masa” çərçivəsində biz onların xarici ölkələrdə öyrənilməsi və tətbiq edilməsi vacibliyini vurğuladıq. Bu işdə biz hamımız birlikdə fəallığımızı artırmalı, müxtəlif layihələr irəli sürüb gerçəkləşdirməliyik”.

“Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”

“Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər” mövzusuna həsr edilən üçüncü virtual “dəyirmi masa”da professor Etibar Nəcəfov, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin rektoru, professor İvan İlçev, İtaliyanın Sapienza Universitetində Azərbaycan Tədqiqatları Mərkəzinin icraçı direktoru Daniel Pommyer, Çexiyanın Karl Universitetinin Şərqi Avropa İnstitutunun direktoru Marek Prşixoda, Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini Olqa Malaşenkova, Belarus Dövlət Universitetinin kafedra müdiri, professor Aleksandr Şarapo, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Bolqarıstanın Müqəddəs Kliment Oxrisdki adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreska, Bakı Slavyan Universitetinin dosenti İrina Kunina, professor Rafael Həsənov, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Eleonora Hüseynova, professor Aleksandr Nesterov, Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti Mərkəzinin direktoru Roza Şəfiyeva, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, bolqarıstanlı professor Tsvetan Teofanov, Belarus Dövlət Universitetinin beynəlxalq əlaqələr kafedrasının tədris işi üzrə müdir müavini Vladislav Froltsov, Litva Edukologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Loreta Codskiyene və müxtəlif xarici universitetlərin tələbələri mövzunun ətraflı müzakirəsini aparıblar. “Dəyirmi masa”da vurğulanıb ki, “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədris olunması ideyası Prezident İlham Əliyevin müasir dövrdə qarşıya qoyduğu ideoloji hədəflərdən biridir: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti bu ideyanın reallaşdırılması və daha geniş intellektual məkanı əhatə etməsi üçün çalışır. Bu fənnin tədrisi təcrübəsi, o cümlədən qazanılan təcrübənin bugünkü virtual “dəyirmi masa”da universitetlərin rəhbərləri, fənni tədris edən müəllimlərin və dinləyən əcnəbi tələbələrin iştirakı ilə müzakirəsi qeyd olunan ideyanın real nəticələr verdiyini, uğurla həyata keçirildiyini sübut edir”.

“Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir…”

“Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” mövzusunda keçirilən növbəti - sayca dördüncü virtual “dəyirmi masa”da 2015-ci il iyulun 21-28-də yay məktəbində iştirak etmiş xarici ölkə və Azərbaycan universitetlərinin tələbələri ilə sözügedən layihə ətrafında diskussiya aparılıb. Professor E.Nəcəfovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Belarus, Gürcüstan, Bolqarıstan, İtaliya, Rusiya və Azərbaycandan olan tələbələr Beynəlxalq Multikulturalizm yay məktəbi ilə bağlı zəngin təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, layihənin icrası zamanı qarşıya qoyulan məqsəd reallaşıb: Azərbaycana olan maraq sevgiyə çevrilib. 

Qeyd edək ki, hazırda BBMM tərəfindən “Alban Apostol Kilsəsi: tarixi baxış” mövzusunda növbəti virtual “dəyirmi masa”nın materiallarından ibarət beşinci kitabça çapa hazırlanır.

Multikulturalizm 2016-03-07 13:45:00