×
A
A
A
Sazlamalar

Azərbaycan, Rusiya və Türkiyə məktəbləri arasında “Qardaşlaşma Sazişi” imzalanıb

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə həyata keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində fevralın 13-də Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimində iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Bakının 189 və 190 nömrəli məktəblərində də olublar.
Sonra Bakı Slavyan Universitetinin (BSU) akt zalında “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimi keçirilib. Sazişi Rahilə Abbasova (Bakı şəhəri, 189 nömrəli məktəb), Aleksandr Drozdov (Moskva şəhəri, ingilis dilli təmayüllü 1273 nömrəli məktəb), Yonca Acun (Ankara şəhəri, Heydər Əliyev adına ibtidai məktəb), Kamran Əliyev (BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi) imzalayıblar.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev tədbir iştirakçılarını ürəkdən salamlayaraq, onları “Qardaşlaşma Sazişi”nin imzalanması münasibətilə təbrik edib. O deyib: “Azərbaycan Prezidenti 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bu, bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, İnsana məhəbbət hissi kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə bir çağırış oldu”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli mərasim iştirakçılarını təbrik edib.
Bildirilib ki, faydalı və maraqlı layihələrlə cəmiyyətdə rəğbət qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi öz məramına görə böyük marağa səbəb olub. Həqiqətən də, yeni nəslin doğulub böyüdüyü vətənini daha yaxından tanımasına, sevməsinə, yaxın-uzaq ellərdə yaşayan həmyaşıdları ilə birbaşa dostluq ünsiyyəti qurmasına xidmət etmək əhəmiyyətli işdir. Bilik Fondunun dəstəyi ilə Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də xalqların gələcəyinə aparan yolun daha aydın və işıqlı olmasına kömək edir, böyüklərə mesaj verir ki, ümumi evimiz olan dünyamızda yalnız sülhə əsaslanmaqla ayrı-seçkiliklərə yer vermədən mehriban qonşuluqla, qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə irəli getmək olar. Uşaqların istədiyi budur, məktəblərin qardaşlaşması da bu amala xidmət edir. Vurğulanıb ki, Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də böyüklərə verilən mesajdır.
Sonra tədbirə ünvanlanmış təbrik məktubları oxunub.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri professor Necdet Ünüvarın təbrik məktubunda 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin Azərbaycan xalqının dünyaya barış mesajı olduğu bildirilir.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin məktubunda isə Azərbaycanın yüksək səviyyəli tolerantlığın qorunub saxlandığı multikultural ölkə olduğu vurğulanır.
Tədbirin bədii hissəsində BSU-nun məzunu, “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov çıxış edib.

Multikulturalizm 2016-02-13 21:10:00