×
A
A
A
Sazlamalar

Neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyəti müzakirə olunub

Bakı, 1 may, AZƏRTAC

Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində verilən tapşırıqların icrası ilə əlaqədar neft maşınqayırmasının inkişafına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, SOCAR-ın və “Azərişıq” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, neft maşınqayırması və neft avadanlıqları istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı sahəsində son illər əldə olunan nailiyyətlərdən danışıb, qeyri-neft sənayesinin inkişafı baxımından ənənəvi istehsal sahələrinin, o cümlədən neft maşınqayırmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən 26 dekabr 2014-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda neft maşınqayırması sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. Bugünkü tədbir neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinin müzakirəsi, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə zəruri dövlət dəstəyinin göstərilməsi və bu sahənin inkişafı ilə bağlı təkliflərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir. Bildirilib ki, dövlət istehlakçı şirkətlərin tələblərinə uyğun yüksək rəqabətə davamlı məhsul istehsal edən istehsalçı şirkətlərin investisiya layihələrini bundan sonra da dəstəkləməyə hazırdır. Şahin Mustafayev SOCAR və “Azərişıq” ASC ilə maşın və avadanlıqlar istehsalı müəssisələri arasında sıx əməkdaşlığın qurulmasının, istehsalçı-istehlakçı münasibətlərinin inkişafının, yerli və ənənəvi xarici bazarlara ixracın daha da artırılmasının vacibliyini vurğulayıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev neft maşınqayırmasının uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olduğunu qeyd edib, SOCAR ilə neft maşınqayırması müəssisələri arasında mövcud əlaqələr barədə məlumat verib, dövlət neft şirkətinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu deyib.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev neft maşınqayırması müəssisələrində istehsal olunan yüksək keyfiyyətli avadanlıqların bir qisminin elektroenergetika və digər sahələrdə də istifadə olunduğunu, enerji infrastrukturunun inkişafı və təchizatı baxımından yerli məhsulların istehsalının vacibliyini qeyd edib.
Tədbirdə iştirak edən müəssisə rəhbərləri maşın və avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən maşınqayırma müəssisələrinin fəaliyyəti barədə danışıb, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlarda satış imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndiriblər.
Müzakirələr zamanı dövlət tərəfindən göstərilə biləcək dəstək tədbirləri, dövlət-özəl sektor əməkdaşlığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tədbirdə qaldırılan məsələlərə dair müvafiq tapşırıqlar verilib.

Sənaye 2015-05-01 13:56:00