×
A
A
A
Sazlamalar

Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub

Ankara, 30 avqust, AZƏRTAC

Azərbaycanla sərhəddə yerləşən Türkiyənin İğdır vilayətinin sakinləri və qonaqları dekorativ-tətbiqi sənət və müəllif əl işlərindən ibarət “Xarıbülbül” sərgi-yarmarkasına böyük maraq göstəriblər.
Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, sərginin iki günü ərzində üzərində Xarıbülbül çiçəyi təsvir olunan kuklaların, broşların, brelokların, maqnitlərin, çantaların, şərflərin və zinət əşyalarının 90 faizindən çoxu satılıb. İğdır valiliyinin dəstəyi ilə keçirilmiş sərgini minlərlə insan, o cümlədən rəsmi şəxslər, siyasi partiyaların və ictimai qurumların nümayəndələri ziyarət ediblər.
Vilayətin sakinləri və qonaqları ailəlikcə “Xarıbülbül” sərgi-yarmarkasının xatirə stendi önündə şəkil çəkdirib, İğdır İctimai Təhsil Mərkəzinin ustalarının Qarabağ simvolunun motivlərindən istifadə etməklə hazırladıqları geniş çeşiddə işlərdən məmnunluqlarını ifadə ediblər.
“İğdır Azərbaycan Evi” dərnəyinin rəhbəri Sərdar Ünsal sərgini “Türkiyə-Azərbaycan qardaşlığının növbəti inandırıcı sübutu” adlandırıb. O, layihəyə göstərdiyi dəstəyə görə vali Mustafa Fırat Taşolana və onun həyat yoldaşı Didem Taşolana, həmçinin vilayətin bir çox qurumlarına təşəkkür edib.
“İğdırda keçirilən sərgi bir daha göstərdi ki, “Xarıbülbül” yalnız Azərbaycanın simvolu deyil, həm də Türk dünyasının ortaq dəyəridir”, - deyə o qeyd edib.
Sərginin ziyarətçiləri təşkilatçıları bu təşəbbüsün uğurunu nəzərə almağa və onu ənənəvi sərgi-yarmarkaya çevirməyə çağırıblar.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2026-08-30 20:19:00