


“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır
Zaqatala, 29 avqust, AZƏRTAC
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti uzun illərə dayanan keçmişi və bu günü ilə ölkənin ən mötəbər əlil təşkilatıdır. Cəmiyyət əlil vətəndaşlara göstərilən xüsusi diqqət istiqamətində bir sıra layihələr icra eməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəmiyyətin aktiv üzvlərindən olan Elnar Musayevin bu sahədə təşkil etdiyi silsilə layihələr nəinki gözdən əlilliyi olan gənclərin, eləcə də digər səbəblərdən əlilliyi olan şəxslərin istedadlarını aşkarlayaraq cəmiyyətə inteqrasiya etməsinə dəstək olur. “İşıqlı istedadlar” layihəsi də bu qəbildəndir.
Layihənin növbəti, ikiillik fəaliyyətinə dair mərhələsi Zaqatala rayonunda təşkil edilib.
Dövlət Himni səsləndikdən, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunduqdan sonra layihə rəhbəri Elnar Musayev tədbir iştirakçılarına layihənin məqsədlərindən bəhs edib. Ötən iki il ərzində layihəyə qoşulan gənclərin istedadlarının aşkarlanması və onların müxtəlif dövlət və özəl tədbirlərdə çıxışı qeyd olunub.
Layihənin tərəfdaşı və təşkilatçılarından olan “Dost Qapısı” turizm istirahət mərkəzinin rəhbəri Zahid Abdullayev “İşıqlı istedadlar” layihəsinin Zaqatalada keçirilməsini yüksək qiymətləndirib. Bu qəbildən olan insanların yaradıcılığına hər kəsin dəstək olmasının vacibliyinə diqqət çəkən Zahid Abdullayev əlavə edib ki, “İşıqlı istedadlar”ın üzvləri və onların valideynlərinə bir neçə gün bu məkanda dincəlmək üçün şərait yaradılıb. Təşkilatçı onu da bildirib ki, növbəti il bu layihənin festival şəklində reallaşması üçün bütün qüvvəsini səfərbər etməyə hazırdır.
Rayon Ağbirçəklər Komitəsinin sədri, həmçinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Sona Qazıyeva belə gənclərin cəmiyyətə inteqrasiyası üçün layihəyə bütün qüvvələri ilə qoşulduqlarını bildirib. Sona Qazıyeva deyib ki, “İşıqlı istedadlar” layihəsi çərçivəsində ötən iki il ərzində bir çox istedadlı gənc burada iştirak edərək öz istedadlarını nümayiş etdirib, uğurlu təqdimatları ilə yaddaşlarda iz buraxıblar.
Daha sonra səhnə “İşıqlı istedadlar”a verilib. Nərmin Əliyeva, Çinarə İsmiyeva, Rəvanə Ağamirova, Rafiq Mənsimli və başqaları çıxışlarını alqış sədaları altında yerinə yetiriblər.
Layihə rəhbəri Elnar Musayev bildirib ki, bu sahədə ölkə rəhbərliyinin onlara göstərdiyi etimad xüsusilə cəmiyyət üzvləri arasında böyük sevinc və fərəhlə qarşılanıb. Belə ki, bir sıra özəl və dövlət sektor nümayəndəlikləri tərəfindən maraqla qarşılanan “İşıqlı istedadlar” layihəsi çərçivəsində əlil insanların mədəniyyət və incəsənət sahəsində göstərdiyi performans yüksək qiymətləndirilib.
Müxbir - Rasim İslamoğlu
Asip Kaya: Naxçıvanda fəaliyyət göstərməkdən hər zaman qürur duydum VİDEO
DGK: Külli miqdarda dərman preparatları aşkar edilib
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub
FHN: Gəncədə yanğın-taktiki təlimə 43 nəfər şəxsi heyət və 8 texnika cəlb edilib VİDEO
“İşıqlı istedadlar” layihəsinin festival kimi keçirilməsi planlaşdırılır