


Qəbələdə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara, günərzi qayğı və reabilitasiya mərkəzlərinə baxış olub
Bakı, 28 avqust, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Şəhla Çingiz qızı Verdiyeva və Pəri Dünyamalı qızı Rəcəbalıyeva üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə Şəhla Verdiyeva üçün qadın gözəllik salonu, Pəri Rəcəbalıyeva üçün isə un məmulatları istehsalı üzrə kiçik ailə biznesləri qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılmasına, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qəbələ rayonunda 1950-dək şəxs üçün təsərrüfatlar qurulub.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Qəbələdə yaradılmış günərzi qayğı mərkəzində uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib. Mərkəzdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların psixososial reabilitasiyası, gündəlik həyat vərdişlərinə, ilkin yazı və oxuma bacarıqlarına yiyələnməsi üçün işlər aparılır.
Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində göstərilən xidmətlərə də baxış keçirilib. Müəssisədə əlilliyi olan uşaqlara səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə ambulator və stasionar formada kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb