×
A
A
A
Sazlamalar

“Tvente”nin baş məşqçisi: Hesabı nəzərə alsaq, oyunun çətin keçmədiyini söyləmək olar

Bakı, 28 avqust, AZƏRTAC

Hər iki oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq. İlk matçda məğlub olmağımıza baxmayaraq, yaxşı epizodlar yarada bilmişdik. Bu dəfə isə bütün məqamları ətraflı təhlil etmişdik. Qarşımızda çox güclü komandanın olduğunu başa düşürdük. Hazırlığımızın və düzgün analizimizin nəticəsində qələbə qazana bildik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderlandın “Tvente” komandasının baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a 4:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, böyükhesablı qalibiyyəti şərh edib: “Hesabı nəzərə alsaq, oyunun çətin keçmədiyini söyləmək olar. Ən çətin məqam ümumi hesabda iki top fərqlə geridə olmağımız idi. Lakin “Qarabağ”ın ilk matçdakı qolu çox baxımlı alınmışdı. Ehtiyat skamyasında kifayət qədər yaxşı oyunçu var idi. “Qarabağ”ın müdafiəsinin güclü olduğunu görüb dəyişikliklər etdim. Etdiyim dəyişikliklər sayəsində isə məğlubiyyətdən xilas ola bildik”.
Qeyd edək ki, Niderlandda keçirilən ilk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə üstün olan “Tvente” UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

İdman 2026-08-28 00:03:00