×
A
A
A
Sazlamalar

Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsi qurulur: MDU qurucu üzvlər sırasında yer alıb

Mingəçevir, 27 avqust, AZƏRTAC

Türk dünyası universitetləri arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi məqsədilə Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsinin (TDÜSA/TWUSN) təsis olunması ilə bağlı onlayn formatda iclas keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ege Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, eləcə də şəbəkənin digər təsisçi universitetlərinin rektorları və nümayəndələri iştirak ediblər.
Təsis toplantısının açılışında Ege Universitetinin rektoru və TDÜSA-nın şəbəkə başçısı Musa Alcı çıxış edərək, şəbəkənin yaradılmasının Türk dünyası universitetləri arasında ortaq məqsədlər ətrafında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Sonra təsisçi universitetlərin rektorları və səlahiyyətli nümayəndələri rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında məlumat verib, şəbəkənin yaradılması təşəbbüsünü dəstəklədiklərini ifadə edib, dayanıqlı inkişaf sahəsində birgə fəaliyyət imkanlarına dair fikirlərini bölüşüblər.
Görüşdə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış zamanı MDU-nun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, dayanıqlı inkişaf prinsiplərinin universitet həyatında tətbiqinə və bu istiqamətdə müxtəlif yerli və beynəlxalq təşəbbüslərdə fəal iştiraka xüsusi önəm verdiyini qeyd edib. MDU-nun Türk dünyası universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə layihələrin və akademik əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.
Toplantıda TDÜSA-nın yaradılması, şəbəkənin fəaliyyətinin əsas istiqamətləri, strateji məqsədləri, struktur və idarəetmə modeli ilə bağlı məsələlər nəzərdən keçirilib. Təsisçi universitetlərin təklif və qiymətləndirmələri dinlənilib, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türk Dünyası Universitetləri Dayanıqlı İnkişaf Şəbəkəsinin təsisçi universitetləri sırasında Türkiyədən Ege Universiteti – təsisçi və icraçı universitet, Qazaxıstandan Atyrau Universiteti, Azərbaycandan Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti, Qırğızıstandan Qırğız Respublikası Beynəlxalq Universiteti və Qırğızıstan-Türkiyə Manas Universiteti, Özbəkistandan isə Ürgənc Dövlət Tibb İnstitutu yer alır.

Müxbir – Vüsalə Cənnətova

Regionlar 2026-08-27 14:44:00