×
A
A
A
Sazlamalar

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Bakı, 27 avqust, AZƏRTAC

Əlcəzairdə genişmiqyaslı meşə yanğınları nəticəsində 12 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əlcəzairin daxili işlər, yerli özünüidarəetmə və nəqliyyat naziri Səid Sayud bildirib.
Nazir ölkənin şimalında yerləşən Becaya şəhərinə səfəri zamanı deyib ki, yanğınlar nəticəsində ölən və xəsarət alanların olduğu təsdiqlənib. Zərərçəkənlərə tibbi və digər zəruri yardım göstərilir.
Məlumata görə, avqustun 26-da Əlcəzair ərazisində 37 yanğın ocağı qeydə alınıb. Onlardan beşi ölkənin şimal-şərqində yerləşən Cijel vilayətində baş verib.
Yanğınlar səbəbindən bir neçə ailə təhlükəsiz ərazilərə təxliyə edilib. Hadisələrin baş verdiyi bölgələrdə yanğının söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Dünya 2026-08-27 05:19:00