×
A
A
A
Sazlamalar

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

Bakı, 26 avqust, AZƏRTAC

bp “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq “Mərkəzi Azəri” platformasında avqustun 19-dan başlayaraq 11 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilib və proqram vaxtından əvvəl uğurla başa çatıb.
bp-dən AZƏRTAC-a bildirilib ki, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladaq ki, planlaşdırılmış profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxil idi.
Proqram çərçivəsində, həmçinin “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş “Mərkəzi Azəri Qaz Genişləndirilməsi” (CAGE) layihəsinin icrasına aid bəzi işlər də həyata keçirilib.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.

İqtisadiyyat 2026-08-26 11:21:00