


Misin qiyməti rekord həddə yaxınlaşır
Bakı, 26 avqust, AZƏRTAC
Qlobal qeyri-müəyyənliklər fonunda dünya bazarında misin qiyməti ilin əvvəlindən bəri təxminən 16 faiz artıb.
AZƏRTAC xəbər verir ki, London Metal Birjasında hazırda misin bir tonunun qiyməti 0,5 faiz artaraq 14 min 415 dollar civarındadır. Beləliklə qiymət yanvar ayında müşahidə olunan rekord həddə - 14 min 527 dollara bir az daha yaxınlaşıb.
Ekspertlərin fikrincə, qısamüddətli təklifin məhdud qalması misin qiymətinin yuxarı istiqamətdə dəyişməsinə səbəb olur. Mis bazarı qısamüddətli təklif sıxlığı ilə üzləşir və bu, bazarda qiymət dəyişkənliyini artırır. ABŞ-yə göndərilən böyük həcmdə tədarük isə digər bölgələrdə ehtiyatları azaldır. Nəticədə mədən istehsalı artan tələbatı ödəməkdə çətinlik çəkir ki, bu da bazarda təklif narahatlıqlarını gücləndirir.
Ötən həftə bazarda dəyişkənlik daha da artıb. Misin spot qiyməti ilə üç aylıq fyuçers müqavilələri arasındakı qiymət fərqi bir ton üçün 500 dolları keçib.
Məlumat mərkəzlərindən və bərpaolunan enerji investisiyalarından tələbatın artacağı da gözlənilir. Həmçinin mis istehsalının əhəmiyyətli gəlir mənbəyi olan mədən şirkətlərinin də mənfəəti artır.
Qeyd edək ki, beynəlxalq bazarlarda əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. İlin əvvəlində mis qiymətləri rekord həddə çatıb, ötən ilin noyabr ayının ortalarından bəri 20 faizdən çox, keçən il ərzində isə 42 faizədək bahalaşıb.
Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.
Yeddi ayda banklar 858,7 milyon manat xalis mənfəət əldə edib
İyulda manatla pul kütləsi 8,5 faiz artıb
Fiziki şəxslərin müddətli əmanətləri iyulda dəyişməyib
Azərbaycanın Baltikyanı ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb – QRAFİK