


Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri arasında kitablardan ilhamlanan bir xanım var. Onunla söhbətimizə elə kitablardan başlayırıq. Həmsöhbətimiz Ləman xanım üçün mütaliə yalnız asudə vaxtın səmərəli keçirilməsi deyil, həm də yeni fikirlər, fərqli baxışlar və şəxsi inkişaf mənbəyidir. Azərbaycan-Fransız Universitetində kimya mühəndisliyi üzrə bakalavriat təhsili almış Ləman Cəlilova magistratura təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Həmin institutunun ilk azərbaycanlı xanım məzunu olan Ləman Cəlilova orada tam təqaüdlə təhsil alıb. Hazırda isə “McKinsey & Company” şirkətində biznes analitiki kimi fəaliyyət göstərir.
Ləman Cəlilova AZƏRTAC-a müsahibəsində “Yüksəliş” müsabiqəsində iştirak təcrübəsindən, hazırlıq prosesindən, həyəcanını necə idarə etməsindən və onu ruhlandıran kitablardan danışıb.
- Elə söhbətimiz kitablardan düşmüşkən, oxuduğunuz hansı kitab sizə daha çox ilham verib?
-Ümumilikdə götürsək, detektiv janrında oxumağı və qeyri-bədii ədəbiyyatı sevirəm. Detektivləri ona görə sevirəm ki, mən həmin kitabları oxuyan zaman sanki müəlliflə birlikdə eyni yolu keçmiş oluram. Həmin əsərlərdəki personajlarla birlikdə ipucları yığıram, bir qərara gəlməyə çalışıram, ehtimallar irəli sürürəm və bu, bir növ insanın məntiqi təfəkkürünü də inkişaf etdirir.
Digər tərəfdən, qeyri-bədii ədəbiyyatı götürsək, oradakı kitablar insanların həyat təcrübəsinə əsaslandığı üçün əslində kifayət qədər maraqlı olur. Çünki insanların həm uğurlu, həm də uğursuz təcrübələrindən öyrənmək oxucunu həyata daha hazırlıqlı edir. Biz özümüz hər şeyi sıfırdan öyrənəsi olsaq, həyat uzun və sonsuz bir eksperimentə çevriləcək.
- Ləman xanım, siz magistratura təhsilini xaricdə almısınız. Xaricdə qazandığınız bilik və təcrübə “Yüksəliş” müsabiqəsində sizə hansı üstünlükləri qazandırıb?
-Məncə, əsas məsələ xaricə getmək deyil, xarici ölkədə hansı universitetə qəbul olmaqdır. Ona görə də universitet seçəndə çalışdım ki, gələcək qrup yoldaşlarım və çalışacağım həmkarlar məndən bir qat üstün olsunlar və mən onlardan da öyrənim, ilhamlanım və biz birlikdə, yəni bu günə qədər mənim özümdə gördüyüm limitlər dairəsini birlikdə genişləndirə bilək.
Düşünürəm ki, xaricdəki təhsilim məndə iki mühüm keyfiyyət formalaşdırıb. Təhsilim kifayət qədər çətin, amma maraqlı olduğu üçün birinci növbədə daha özünəinamlı oldum. Yəni mənə çətin görünən işin öhdəsindən gəldim və bu, məni daha özünəinamlı etdi.
İkinci məsələ isə bu təhsil məni daha təvazökar etdi. Çünki ətrafına baxırsan, kifayət qədər ağıllı, dürüst, çalışqan insanlar görürsən və əslində bu, adamı kifayət qədər təvazökar edir.

- “Yüksəliş” müsabiqəsi bir neçə mərhələdən ibarətdir. Siz bu mərhələlərin hansında daha çox həyəcan hiss etdiniz?
- Müsabiqədə ilk dəfə iştirak etdiyim üçün mənə yarımfinal və final mərhələləri daha çox həyəcan yaşatdı. Bunun da əsas səbəbi odur ki, bu mərhələlər artıq insanlarla qarşılıqlı ünsiyyət şəraitində keçir. Bundan əvvəlki mərhələlər verbal təhlil, analitik təhlil, abstrakt düşüncə, ümumi biliklər və s. – onlar hamısı kompüter qarşısında olmuşdu.
Yarımfinalda isə biz, təsəvvür edin ki, 8 nəfərlik komandada çalışırıq, birlikdə nələrisə ərsəyə gətirməyə çalışırıq. İki gün ərzində 16 tapşırıq üzərində işləyirik. Həmin tapşırıqları bir-bir həll etmək əslində elə bir sınaqdır. İki gün ərzində komanda kimi 8-9 saat birgə çalışdıq. Bu uzun saatlar ərzində bir-birimizlə ünsiyyətdə olduq, tapşırıqları birlikdə həll etdik və maraqlı, yəni həyəcanı yaşadan cəhət də o idi ki, biz orada kifayət qədər vaxt keçirirdik və əlbəttə, hər birimiz təbii olmalı idik.
Final mərhələsi yarımfinaldan daha həyəcanlı idi. Çünki başa düşürsən ki, bu boyda yolu qət etmisən və buradakı əsas məramın elə qalib gəlmək və prosesdən zövq almaqdır.
- “Yüksəliş” müsabiqəsinin qaliblərinə ənənəvi sualımız var. Qaliblərə təqdim olunan 20 min manatlıq inkişaf mükafatını necə dəyərləndirəcəksiniz?
- Çox yaxşı sualdır, əslində bunun üzərində hələ də düşünürəm. Fikrimcə, bir qismini müəyyən təlimlərə, əsasən də xaricdə keçirilən təlimlərə xərcləyəcəyəm. Bir qismini də səyahətə sərf edəcəyəm; var formal təhsil və var qeyri-formal təhsil. Mənim üçün səyahət qeyri-formal təhsilin əsas yollarından biridir. İnsan müxtəlif ölkələrə gedir, həmin ölkələrin tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı haqqında maraqlı faktlar əldə edir. Ona görə bir qismini mütləq şəkildə səyahətə xərcləmək istəyərdim.

- Ləman xanım, kitab oxumağın ruhunuzu qidalandırdığını gördük. Bəs başqa hansı fəaliyyətləriniz var ki, həyəcan və stresi azaltmağa kömək edir?
- Əslində, uşaqlıqda hobbilərim daha çox idi, çünki vaxtımız da çox idi. Amma təəssüf ki, uşaqlıqda biz həmişə belə düşünürük: nə edirəm bunları, vaxtımı nəyə görə bunların hamısına sərf edirəm, gedərdim evdə oturardım, istirahət edərdim. Artıq bir qədər böyüyüb iş mühitinə gəldikdə düşünürsən ki, kaş uşaqlıqda bunlara daha çox vaxt sərf edərdim.
Hazırda vaxt azdır, amma çalışıram ki, yenə də boş vaxtlarımı çox səmərəli şəkildə keçirim. Bunlardan biri də fortepianoda ifa etməyimdir. Həmçinin dostlarımla, ailə üzvlərimlə intellektual oyunlara qatılırıq, birlikdə sualları cavablandırırıq.
Detektivləri də sevdiyim üçün bəzən kiçik tapşırıqlar üzərində ailəvi olaraq işləyirik və bu mənə çox zövq bəxş edir. Bəzən vaxt olanda rəsm də çəkirəm. Bu zaman insan sakitlikdə oturur, heç kimlə ünsiyyətdə olmur, özü çox fokuslanmış bir şəkildə yaradıcı fəaliyyətlə məşğul olur.
İdmanla məşğul olmağı da çox sevirəm. Əlbəttə, intellekt kifayət qədər vacib amildir, amma insanın vücudunun da möhkəm olması eyni şəkildə vacibdir. Ona görə idmanı da çalışıram ki, bu sıx, amma yenə də maraqlı qrafikə sığışdıra bilim.
Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək
Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib
Turizm sektorunda kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulacaq
“Azərenerji” ASC ilə Azərbaycan Mühəndislik Akademiyası arasında müqavilə imzalanıb
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO