×
A
A
A
Sazlamalar

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ

Daşkənd, 19 avqust, AZƏRTAC
“IT Park Uzbekistan”ın icraçı direktoru Cahangir Rəcəbov Özbəkistan və Azərbaycanda startap ekosisteminin inkişafı, iki ölkənin İT şirkətləri arasında əməkdaşlıq, vençur investisiyaları və birgə texnoloji layihələrin perspektivləri barədə AZƏRTAC-a danışıb.

– Siz “INMerge” və “Baku ID” kimi tədbirlərdə Özbəkistan startaplarının iştirakını qeyd etdiniz. Sentyabr ayında Azərbaycandan olan startapların Özbəkistana səfəri gözlənilir. Bu sahədə ikitərəfli əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
– Özbəkistan və Azərbaycan çox yaxşı tərəfdaşlardır, ölkələrimiz arasında mehriban qonşuluq münasibətləri mövcuddur. Qeyd etmək vacibdir ki, Özbəkistan və Azərbaycanın özəl sektoru, İT şirkətləri və startapları da sıx əməkdaşlıq edir, şirkətlərimiz Azərbaycan tərəfinin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edir. Özbəkistan şirkətləri Bakıya gəlməyi və “INMerge”, “Baku ID” tədbirlərində iştirak etməyi çox sevirlər. Eləcə də sentyabrın 22-dən 25-dək keçiriləcək informasiya-kommunikasiya texnologiyaları sahəsində “ICT WEEK Uzbekistan” tədbirində ilk dəfə olaraq Azərbaycanın təxminən 10 şirkətinin iştirakı gözlənilir. Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İDDA) ilə çox yaxşı tərəfdaşlığımız var. Startapların və şirkətlərin mübadiləsi üzrə onunla çox sıx əməkdaşlıq planımız mövcuddur. Bütün bunlar özəl və dövlət sektorlarının bu ekosistemin birgə inkişaf etdirməsinə gətirib çıxarır.
Biz təcrübə və ekspertiza, eləcə də ən azı bunun qədər vacib olan ölkələrimiz arasında dayanıqlı əlaqələrin, körpünün və ekosistemin yaradılmasına kömək edən vençur investisiyaların mübadiləsini aparmalıyıq. Həmçinin Özbəkistan-Azərbaycan birgə startaplarını inkişaf etdirməyi düşünürük. Arzu edirəm ki, təkcə Özbəkistan və ya Azərbaycan startapları deyil, Özbəkistan-Azərbaycan şirkətləri yaradılsın.

– Digər bir istiqamət kosmik texnologiyalardır. Özbəkistanda “Səmərqənd-2028” peyki orbitə buraxılıb. Məhz kosmik və GIS texnologiyaları sahəsində startapların inkişafı planlaşdırılırmı?
– Yəqin heç kimə sirr deyil ki, hazırda kosmik texnologiyalar hər bir ölkədə inkişafın prioritet istiqamətlərindən biridir. Biz belə qənaətə gəlmişik ki, kosmik texnologiyalar, yəni kosmosda müstəqillik ümumilikdə müstəqil və daha sabit inkişafın, internetin, kommunikasiyaların və texnologiyaların inkişafının təminatlarından biridir. Bu məqsədlə və kosmik sənaye texnologiyalarının inkişafını dəstəkləmək üçün Səmərqənd şəhərində keçiriləcək beynəlxalq forumla əlaqədar “Səmərqənd-2028” peyki orbitə buraxılıb. “Uzbekkosmos” agentliyi ilə birlikdə bir sıra birgə hakatonlar keçirilir. Özbəkistandan ilk kosmonavtın kosmosa göndərilməsinə hazırlıq işləri aparılır.

Müxbir – Pərvanə Qafarova
Foto – Tofiq Babayev

İqtisadiyyat 2026-08-19 14:20:00