


Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir - ŞƏRH
Bakı, 19 avqust, AZƏRTAC
ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılması müddətinin yenidən uzadılması ilə əlaqədar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə bildiriş göndərməsi iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafının göstəricisidir. Co Bayden administrasiyası dövründəki mücərrəd siyasi ambisiyaları arxada buraxan Donald Tramp praqmatik siyasət yürüdərək Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsinin ABŞ-nin milli maraqlarına cavab verdiyini bəyan edib.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən əsas amillər hər iki ölkənin regional və qlobal maraqlarının müəyyən istiqamətlərdə üst-üstə düşməsi ilə bağlıdır.
“Azərbaycanın geostrateji mövqeyi, enerji resursları, nəqliyyat imkanları və regional təhlükəsizlikdə rolu ABŞ üçün ölkənin əhəmiyyətini artırır. Azərbaycan üçün isə ABŞ ilə əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi, xarici investisiyaların cəlb edilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, habelə beynəlxalq siyasi və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir mərhələdə enerji əməkdaşlığı yalnız neft və qazla məhdudlaşmır. Tərəflər elektrik enerjisi, bərpaolunan enerji, regional enerji interkonnektorları və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Cari ildə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens, ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin Azərbaycana səfərləri ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. ABŞ-nin Vitse-prezidentinin fevralda səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə xüsusilə əhəmiyyətlidir. Orta Dəhlizin inkişafı Azərbaycan-ABŞ əməkdaşlığının yeni istiqamətlərindən birinə çevrilib.
Strateji Tərəfdaşlıq Xartiyasında nəqliyyat, enerji, rəqəmsal bağlantı, ticarət və logistika sahələrində regional əlaqələrin gücləndirilməsi prioritet kimi müəyyənləşdirilib. Sənəddə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında bağlantının təmin olunmasına yönələn “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün də regional ticarət və tranzit potensialına töhfə verə biləcəyi qeyd olunur”, - deyə Milli Məclisin deputatı nəzərə çatdırıb.
Sadiq Qurbanov 907-ci düzəlişin simvolik xarakter daşıdığını desə də, buna baxmayaraq iki müttəfiq ölkə arasında belə bir qadağanın olması qarşılıqlı əlaqələrin inkişafına maneə olduğunu sözlərinə əlavə edib: “Azərbaycanın iqtisadi inkişafını nəzərə alsaq, onun yardıma ehtiyacı olmadığını görərik. Lakin bu bədnam “düzəliş” ABŞ-nin özünə də bir sıra məsələlərin reallaşmasında əngəl törədir. Çünki Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında yerləşməsi onun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Xəzər dənizi üzərindən Avropa və Asiyanı birləşdirən marşrutlarda Azərbaycanın mühüm tranzit ölkə kimi çıxış etməsi ABŞ-nin regional siyasəti baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrindəki mövqeyi ABŞ üçün həm iqtisadi, həm də strateji əhəmiyyət kəsb edir. Prezident Donald Trampın praqmatizmi bu “düzəlişin” yaxın zamanda tamamilə aradan qaldırılacağını deməyə əsas verir”.
Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir
® “Yaşıl Cümə” yenidən “İrşad”da!
® “Azercell”in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub