×
A
A
A
Sazlamalar

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bakı, 15 avqust, AZƏRTAC

Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O, “İçərişəhər-Həzi Aslanov” istiqamətində qatarların hərəkətində heç bir dəyişiklik olmayacağını diqqətə çatdırıb: “28 May” stansiyası öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Yəni sərnişinlərin giriş-çıxışı təmin olunacaq”.
Bəxtiyar Məmmədov deyib ki, xətlərin ayrılması prosesi başa çatdıqdan sonra “Dərnəgül-Nizami” istiqamətində qatarların hərəkəti müstəqil xətt üzrə təmin ediləcək və sərnişinlərin yaşıl və qırmızı xətlər arasında keçidi “28 May” və “Cəfər Cabbarlı” stansiyaları vasitəsilə həyata keçiriləcək.
O əlavə edib ki, bu keçidin sərnişinlər üçün daha rahat təşkili məqsədilə “28 May” və “Cəfər Cabbarlı” arasında daha bir piyada keçidinin istifadəyə verilməsi nəzərdə tutulur.
“Təxminən sentyabr ayının sonuna qədər Bakı Metropolitenində “28 May” və “Cəfər Cabbarlı” arasında daha bir piyada pilləkən istifadəyə veriləcək ki, sərnişinlərimizin maksimal rahatlığı təmin olunsun, xüsusən də xətlərin ayrıldığı dövrdə axınların qarışmaması təmin olunsun”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Şövqi Əzizov

İqtisadiyyat 2026-08-15 12:04:00