


İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər
Ankara, 14 avqust, AZƏRTAC
Ermənistanla sərhəddə yerləşən Türkiyənin İğdır vilayətində köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından (AES) qaynaqlanan təhlükə məsələsinə diqqət yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edilib.
“İğdır Azərbaycan Evi” cəmiyyətinin rəhbəri, Türk-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) rəhbərinin müavini Serdar Ünsal AZƏRTAC-ın müxbirinə açıqlamasında xatırladıb ki, Şərqi Anadolu sakinləri Ermənistandakı AES-in yaratdığı risk məsələsini uzun illərdir, hətta qeyri-hökumət təşkilatları səviyyəsində gündəmə gətirirlər.
“Azərbaycan Prezidentinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının köhnəldiyi və bütün region üçün təhlükə mənbəyi olduğu, gec-tez bağlanmalı olduğu barədə bəyanatı çox mühüm və aktualdır”, - deyə S.Ünsal qeyd edib. O, Türkiyə sərhədindən 16 kilometr məsafədə fəaliyyət göstərən Atom Elektrik Stansiyasını “işə salınmış saatlı bomba” adlandırıb.
S.Ünsal bildirib ki, İğdırda illərdir müxtəlif platformalarda Ermənistandakı Atom Elektrik Stansiyasının mümkün qədər tez bağlanması tələbi ilə çıxış edirlər: “Azərbaycan liderinin bu məsələni gündəmə gətirərək bütün region üçün bu qədər ciddi təhlükəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsindən son dərəcə məmnunuq”.
O qeyd edib ki, sovet dövrünün tikilisi olan Atom Elektrik Stansiyası seysmik zonada fəaliyyət göstərir və istənilən kataklizm onu “yeni Çernobıl”a çevirə bilər: “Tarix sübut edir ki, Atom Elektrik Stansiyasında baş verən qəza sərhəd tanımır. Metsamor Atom Elektrik Stansiyasında baş verəcək hər hansı hadisə avtomatik olaraq Şərqi Anadolu, Cənubi Qafqaz və region ölkələri üçün risk mənbəyinə çevrilir. Region sakinləri daim fəlakət və radiasiyanın yayılması qorxusu içində yaşamamalıdırlar”.
S.Ünsal İğdırda onkoloji xəstəliklərin səviyyəsinin yüksək olmasına da diqqət çəkərək bunun hərtərəfli araşdırılmasını tələb etdiyini bildirib.
“İğdır Azərbaycan Evi” cəmiyyətinin rəhbəri vurğulayıb ki, Metsamor Atom Elektrik Stansiyası Ermənistanın daxili məsələsi deyil, bütün regionun problemidir: “Bu məsələ Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistanın, eləcə də Avropa İttifaqının və beynəlxalq təşkilatların gündəliyində olmalıdır. Tələbimiz son dərəcə aydındır: insan həyatı və ətraf mühit hər şeydən üstün tutulmalıdır. Daha bir nüvə fəlakəti baş vermədən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılmalıdır”.
Quba rayonunda zəlzələ baş verib
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub