


“Dayanmadan çalışırlar, işlərinə məsuliyyətlə yanaşırlar” - Oğuzun ucqar kəndləri abadlaşdırılır VİDEO
Oğuz, 13 avqust, AZƏRTAC
Oğuz rayonunda bir sıra yaşayış məntəqələrinin yol infrastrukturu yenidən qurulur, körpülər tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə yerlərdən biri də rayonun Mollalı kəndidir.
Hazırda kəndin yollarında qızğın iş gedir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında kəndin yollarına ikinci lay asfalt tökülür. Layihə üzrə ümumi uzunluğu 17 kilometr olan yolda tikinti işləri plan üzrə davam etdirilir.
Kəndin sakinləri layihənin icrasını məmnunluqla qarşıladıqlarını bildiriblər.
Kənd sakini Mübariz Zakirov deyib ki, gördüklərindən sevincli və qürurludurlar. İllər idi ki, hamı kimi onun da ailəsi rahat yolda hərəkət etmək arzusunda idi. İndi Mollalı kəndi yeni yol sayəsində bir çox çətinliklərdən azad olur. “Dayanmadan çalışırlar, işlərinə intizamla və məsuliyyətlə yanaşırlar”, - deyə o vurğulayıb.
Mollalı kəndinin ərazisində, Nazarçay üzərində yeni körpü də inşa edilir ki, bu da sakinlərin rahatlığını təmin edəcək. Bildirildiyinə görə, çaya sel gələndə dəfələrlə suötürücülərini yuyub aparıb, nəqliyyatın hərəkəti günlərlə məhdudlaşıb. Yeni körpü isə geniş və ikizolaqlıdır. Artıq körpüdə panellərin düzülüşünə başlanılıb.
Kənd sakini Nizami Məmmədov diqqətə çatdırıb ki, əvvəllər sel gələndə bəzən yük dolu avtomobillər çayın kənarında qalıb, məhsulları xarab olub. İndi isə bu problem aradan qaldırılır. ”Yəqin ki, növbəti mövsümdə kənd sakinləri daha çox məhsul istehsal edəcək və həmin malları vaxtında bazara çıxara biləcəklər. Bu da onların gəlirlərini artıracaq“, - deyə o vurğulayıb.
Qeyd edək ki, son 3 ildə Mollalıya internet və elektrik xətləri də çəkilib, kənd mavi yanacaqla təmin olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Mollalı kəndi ilə yanaşı, rayonun Dəymədağlı, Tərkeş, Dəymədərə, Yemişənli və Çalut kəndlərinin daxili yolları da bu il yenidən qurulacaq. Bununla yanaşı, ərazidə 2 yeni körpünün inşası nəzərdə tutulur. Artıq körpülərdən biri üzrə dayaq konstruksiyalarının tikintisi tam başa çatdırılıb, hazırda aşırım tirləri quraşdırılır. Digər körpünün inşasına isə yaxın zamanlarda başlanılması planlaşdırılır.
Müxbir - Rasim İslamoğlu
Biləsuvarda 44 yaşlı kişi kəsici alətlə qətlə yetirilib – 16 yaşlı şübhəli saxlanıldı
Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
Naxçıvanın sosial-iqtisadi inkişafına dövlət dəstəyi VİDEO
Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb
Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi VİDEO