


Naxçıvan regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşağına çevrilir ŞƏRH
Bakı, 13 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində dövlətimizin başçısı tərəfindən səsləndirilən fikirlər və təməli qoyulan layihələr Naxçıvanın strateji gələcəyini müəyyənləşdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva səsləndirib.
O qeyd edib ki, Naxçıvanın Azərbaycanın ümumi geosiyasi və milli təhlükəsizlik sistemindəki strateji əhəmiyyəti daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə muxtar respublikanın infrastrukturunun yenilənməsi, nəqliyyat imkanlarının artırılması, sosial obyektlərin yaradılması və iqtisadi potensialının gücləndirilməsi istiqamətində layihələr həyata keçirilib. Azad edilmiş ərazilərdə tətbiq edilən müasir şəhərsalma təcrübəsinin Naxçıvanda da reallaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu yanaşmanın davamı olaraq, Naxçıvan Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında idarə olunur. Bu, inzibati islahatları, Prezidentin xüsusi nümayəndəliyi institutunu və iqtisadi planlaşdırmanı əhatə edir. Dövlətimizin başçısına Naxçıvan şəhərinin Baş planı təqdim olundu. Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının və 300 meqavatlıq istilik elektrik stansiyasının inşası muxtar respublikanı ixracatçı regiona çevirir. Naxçıvanın Yaşıl enerji zonası elan edilməsi və 500-1000 meqavat Günəş enerjisi potensialından istifadə edilməsi hədəflənir.
“Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji ərazi deyil, həm də regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilir. 8 avqust Vaşinqton razılaşmasından sonra Naxçıvan Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və başqa bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək. Bu, yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz və multimodal bağlantının təmin edilməsi demək deyil. Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaqdır. Marşrutun Türkiyə ilə birləşdirilməsi isə regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Trans-Xəzər marşrutu ilə Türkiyəyə, oradan da Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısı yaradacaq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit ölkələr üçün faydalar verəcək”, - deyə deputat əlavə edib.
Bundan başqa, nəqliyyatın modernləşdirilməsinin də prioritet sahələrdən biri olduğunu deyən P.Vəliyeva qeyd edib ki, Naxçıvan şəhərində, həmçinin ekoloji təmiz nəqliyyata keçid formalaşdırılır. Şəhərdə yeni elektrik avtobusları xəttə buraxılıb. Həmçinin rayonlararası nəqliyyat parkının yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınması nəzərdə tutulur. Beləliklə, Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var. Deputatın fikrincə, həm nəqliyyatın inkişafı, həm də şəhərin mərkəzində təməli qoyulan yeni mehmanxana bölgənin turizm potensialının reallaşdırılmasına xidmət edəcək.