×
A
A
A
Sazlamalar

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Bakı, 7 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin ötən il avqustun 8-də Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri və səfər çərçivəsində əldə olunan nəticələrdən bir il ötür. Bu səfər Azərbaycan–ABŞ münasibətlərində yeni səhifənin açılması, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsi və Cənubi Qafqazda yeni siyasi reallığın formalaşması baxımından mühüm tarixi hadisə kimi yadda qalıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş, imzalanan Birgə Bəyannamə Azərbaycan–ABŞ əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşması baxımından mühüm mərhələ oldu. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh və təhlükəsizlik tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması isə sülh razılaşmasının imzalanmasına mühüm hüquqi keçid oldu. Vaşinqton görüşləri çərçivəsində ATƏT-in Minsk qrupunun tərəflərin birgə razılığı ilə ləğv olunması, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması və Ermənistanın beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edəcək müddəaların Bəyannamədə əksini tapması mühüm nəticələrdəndir. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi ilə bağlı razılaşma da səfərin mühüm nəticələrindən biri oldu.
“Tramp administrasiyası tərəfindən “Azadlığa Dəstək Aktı”na əlavə olunan 907-ci düzəlişin icrasının dayandırılması da Azərbaycan–ABŞ münasibətlərində etimadın bərpası baxımından mühüm siyasi addımdır. Donald Trampın prezident seçilməsindən sonra ABŞ-nin xarici siyasətində baş verən dəyişikliklər Azərbaycanla münasibətlərə də yeni məzmun gətirib. Azərbaycanla əlaqələrin inkişafı və regional sülhün təmin olunması ABŞ siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan–ABŞ əlaqələrinin transformasiyası ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi bir-birini tamamlayan proseslərdir. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi Azərbaycanın hərbi uğurlarının diplomatik nəticələrlə möhkəmləndirilməsində özünü göstərib. Vaşinqtonda imzalanan Bəyannamədə Azərbaycanın milli maraqları, ərazi bütövlüyü və suveren hüquqları bir daha təsdiqlənib. ABŞ Prezidenti Donald Trampın, Prezident İlham Əliyevin və Nikol Paşinyanın Ağ Evdəki birgə bəyanatları da qarşıdakı dövrün əsas hədəflərini müəyyənləşdirib. Dövlətimizin başçısının səfər zamanı strateji tərəfdaşlıq yoluna qədəm qoyulduğunu bəyan etməsi Azərbaycan–ABŞ münasibətlərinin gələcək istiqamətlərini müəyyənləşdirib. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması qarşılıqlı sərmayə, ticarət, enerji, bağlantı, tranzit, süni intellekt, müdafiə və terrorizmlə mübarizə kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb”, - deyə deputat əlavə edib.
Vüqar Rəhimzadə xatırladıb ki, ötən bir il ərzində Azərbaycan–ABŞ münasibətlərinin inkişafı davam edib. Prezident İlham Əliyevin Vaşinqton və Davos görüşləri, Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması, ABŞ-nin yüksəksəviyyəli rəsmilərinin Azərbaycana səfərləri və Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması əlaqələrin yeni səviyyəyə yüksəldiyini göstərir.
Deputat Azərbaycanla Ermənistan arasında sülh prosesinə də toxunaraq bildirib ki, sülh müqaviləsində nəzərdə tutulan beş prinsip Azərbaycanın təşəbbüsü ilə irəli sürülüb: “Azərbaycanın 2020-ci ildə hərbi qələbə qazanması, 2023-cü ildə suverenliyini tam bərpa etməsi və bundan sonra sülh gündəliyini irəli sürməsi regionda yeni reallıq yaradıb. 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması isə bu prosesin məntiqi nəticəsi və Azərbaycanın həm müharibədə, həm də sülh prosesində əldə etdiyi uğurun göstəricisidir. Vaşinqton görüşündən ötən bir il ərzində Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Azərbaycan tərəfindən Ermənistana enerji resurslarının və tranzit imkanlarının təqdim edilməsi də yeni münasibətlərin praktiki müstəvidə formalaşdığını göstərir. Bu proseslər Azərbaycanın regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi mövqeyini daha da möhkəmləndirir”.

2026-08-07 18:08:00