


BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
Bakı, 7 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU–İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, proqrama qəbul üçün 500-ə yaxın abituriyent qeydiyyatdan keçib, onlardan 363 nəfəri daxili qəbul imtahanında iştirak edib. Avqustun 4-də İNHA Universiteti tərəfindən riyaziyyat, fizika və ingilis dili fənləri üzrə keçirilən yazılı daxili imtahanın nəticələrinə əsasən, 104 tələbə proqrama qəbul olunub. Hər biri üzrə 26 nəfər olmaqla informasiya texnologiyaları, kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası və elektrik və elektronika mühəndisliyi ixtisaslarına qəbul aparılıb. Bununla da BMU-İNHA İDP üzrə ayrılmış qəbul planı 100 faiz dolub.
Qəbul olunan tələbələrin akademik göstəriciləri proqrama marağın və rəqabətin yüksək olduğunu bir daha təsdiqləyir. Belə ki, qəbul olunan 104 tələbənin 28,8 faizi 600-dən yuxarı, 57,7 faizi isə 500-dən yuxarı qəbul balı toplayıb.
Ən yüksək nəticəni 676,2 balla kompüter elmləri (süni intellekt mühəndisliyi) ixtisasına qəbul olunan Cavad Cavadzadə göstərib. Digər ixtisaslar üzrə ən yüksək ballar isə data analitikası ixtisası üzrə Kənan Balakişiyevə (655,9), informasiya texnologiyaları ixtisası üzrə Yadulla Nəsirova (648,3) və elektrik və elektronika mühəndisliyi ixtisası üzrə Səid Qafarova (628,1) məxsusdur.
Daxili imtahandan uğur qazanan namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə təqdim olunub və onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avtomatik qeydiyyata alınıblar. Bu səbəbdən həmin namizədlərin DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində ayrıca iştirak etmələrinə ehtiyac qalmayıb.
BMU-İNHA İDP Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin 2025-ci il 22 iyul tarixli sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.
3+1 təhsil modeli əsasında icra olunan proqram çərçivəsində tələbələr təhsillərinin ilk 3 ilini BMU-da, son 1 ilini isə İNHA Universitetində davam etdirirlər. Təhsili uğurla başa vuran məzunlara hər iki universitet tərəfindən bakalavr diplomu təqdim olunur.
Qeyd edək ki, BMU-İNHA İDP üzrə indiyədək 256 nəfər məzun olub.
Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO
Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır
Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir