×
A
A
A
Sazlamalar

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında (ABŞ) paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra sülhə aparan yolda həm bölgədə, həm də beynəlxalq müstəvidə çox ciddi maneələr mövcud idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirib.
Deputat bildirib ki, həmin maneələr bir tərəfdən işğalın yaratdığı reallıqlardan qaynaqlanırdısa, digər tərəfdən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların sülh prosesinə müdaxilə cəhdləri ilə müşayiət olunurdu. Müxtəlif siyasi mərkəzlər vasitəçilik adı altında prosesdə iştirak etməyə çalışsalar da, əsl məqsəd regionda uzunmüddətli sülhün təmin olunmasından daha çox öz geosiyasi maraqlarını reallaşdırmaq idi: “Azərbaycan sülh yolunda qarşıya çıxan əsas maneələri mərhələli şəkildə aradan qaldırmağı bacardı. Bu baxımdan 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri xüsusi əhəmiyyət daşıyırdı. Həmin tədbirlər nəticəsində Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu və ərazidə sülhə mane ola biləcək hərbi-siyasi amillər tamamilə aradan qaldırıldı. Bundan sonra da bəzi xarici güclər və beynəlxalq təsisatların prosesə təsir göstərmək cəhdləri davam edirdi. Bu istiqamətdə Fransa, İran, Rusiya, eləcə də Avropa İttifaqı Şurası və onun Prezidenti Şarl Mişel müxtəlif təşəbbüslərlə çıxış edirdilər. Lakin bu təşəbbüslərin hər birində müəyyən manipulyativ elementlər mövcud idi. Onlar zahirən sülhün tərəfdarı kimi çıxış etsələr də, əslində regionda siyasi və geosiyasi maraqlarını təmin etməyə çalışırdılar. Hesab edirəm ki, Prezident İlham Əliyev bu mürəkkəb geosiyasi şəraitdə strateji baxımdan olduqca mühüm və uzaqgörən addımlar atdı. Azərbaycan bütün vasitəçiləri mərhələli şəkildə prosesdən kənarlaşdırmağa nail oldu və Ermənistanla birbaşa danışıqlar nəticəsində sülh sazişinin mətnini paraflanma mərhələsinə çatdırdı. ABŞ-də paraflanan sənəd məhz bu siyasi xəttin nəticəsi idi".
Hikmət Babaoğlu diqqətə çatdırıb ki, sülhün əldə olunması yalnız sənədin paraflanması ilə yekunlaşmır. “Davamlı sülhün əsas şərtlərindən biri regionda bütün nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın təmin olunması və qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Azərbaycan ötən dövr ərzində bu istiqamətdə də mühüm təşəbbüslərlə çıxış edib. Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsində yaranmış blokada vəziyyətinin aradan qaldırılması üçün Azərbaycan üzərinə düşən addımları atıb, regional ticarət əlaqələrinin bərpasına və inteqrasiyanın genişlənməsinə töhfə verməyə çalışıb. Paraflanmış sülh sənədində ən mühüm məsələlərdən biri TRIPP marşrutu ilə bağlı razılaşmadır. Bu razılaşma gələcəkdə regionun geosiyasi və geoiqtisadi inkişafına ciddi təsir göstərəcək tarixi hadisə kimi qiymətləndirilə bilər. ABŞ-də sənəd paraflanana qədər müxtəlif vasitəçilər – Fransa, Rusiya, İran və Avropa İttifaqı Şurası Zəngəzur dəhlizi və ya TRIPP marşrutu üzərində təsir imkanları əldə etməyə çalışırdı. Bu cəhdlərin müəyyən elementləri bu gün də tam aradan qalxmayıb. Həmin dairələr marşrutun yalnız dəmir yolu əlaqəsi ilə məhdudlaşdırılmasını istəyirdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana avtomobil yolu ilə birbaşa çıxış təmin olunmasın və gələcəkdə bu amildən ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək mümkün olsun. Bu gün isə artıq tamamilə fərqli mənzərə formalaşır. TRIPP marşrutu paralel nəqliyyat-kommunikasiya xətlərini nəzərdə tutur. Buraya dəmir yolu, avtomobil yolu, optik kabel infrastrukturu daxildir. Azərbaycanın xarici işlər naziri də çıxışlarının birində qeyd edib ki, gələcəkdə bu marşrut tranzit neft və qaz kəmərlərinin çəkilməsi üçün də mühüm dəhliz rolunu oynaya bilər", – deyə o vurğulayıb.
Deputatın fikrincə, bu perspektivlər regionda sülhü daha cəlbedici edir və iqtisadi əməkdaşlığın miqyası genişləndikcə prosesə qoşulmamaq faktiki olaraq mümkün olmayacaq. O hesab edir ki, burada təhlükəsizlik təminatları da xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan TRIPP marşrutu ilə bağlı ABŞ-nin mövqeyi mühüm rol oynayır: “Artıq layihələndirmə işləri sürətlə davam edir, marşrutun həyata keçirilməsi üçün ABŞ tərəfindən transmilli şirkət müəyyənləşdirilib və bu istiqamətdə praktik hazırlıq mərhələsinə başlanılıb. Proses yaxın perspektivdə sülhün əldə olunmasını və kommunikasiyaların açılmasını daha da sürətləndirə bilər. Bunun üçün Ermənistan da üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycana qarşı ərazi iddialarını öz Konstitusiyasından çıxarmalıdır. Hazırkı mərhələdə də müəyyən marjinal qruplar və imperialist düşüncəli siyasi mərkəzlər sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Sülh sazişi imzalandıqdan sonra hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Bu mərhələdən sonra sənəd dövlətlərarası hüquqi razılaşma olmaqla yanaşı, faktiki olaraq xalqlar arasında qəbul edilmiş siyasi razılaşma statusu qazanacaq. Çünki parlamentlər xalqın seçdiyi nümayəndələrdən ibarətdir və onların ratifikasiya etdiyi sənədlər xalq iradəsini ifadə edir. Sülhün əldə olunmasını istəməyən qüvvələr hələ də mövcuddur. Lakin hesab edirəm ki, Azərbaycanın prinsipial və ardıcıl mövqeyi bu prosesi artıq geri dönməz mərhələyə çatdırıb. Ermənistan da üzərinə düşən son öhdəlikləri yerinə yetirdikdən sonra regionda davamlı sülhün əldə olunması mümkün olacaq".

Müxbir – Səbinə Əlizadə

2026-08-07 13:17:00