×
A
A
A
Sazlamalar

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır

Bakı, 6 avqust, AZƏRTAC

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə həsr olunmuş yeni sənədli filmin çəkilişlərinə başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, ekran əsərinin əsas məqsədi Azərbaycanın Zəfər və dirçəliş rəmzinə çevrilən torpaqlarını həm milli iftixar simvolu, həm də post-konflikt ərazilərinin yenidən qurulmasında dünyaya nümunəvi model kimi təqdim etməkdir.
Filmdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq qısa müddətdə bərpa olunan yaşayış məntəqələri, doğma ocaqlarına qayıdan sakinlərin həyatı və aparılan quruculuq işləri real insan hekayələri üzərindən işıqlandırılır.
Çəkilişlər artıq Ağdam, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərində aparılıb. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönümlü prinsiplərə söykənən yeni yaşayış məntəqələri nümayiş olunacaq.
Bununla yanaşı, ekran əsərində ölkəmizin iqlim dəyişmələri və şəhərsalma üzrə qlobal çağırışlara inteqrasiyası, azad olunmuş ərazilərdə tətbiq edilən innovativ yanaşmalar və “yaşıl enerji” zonalarının yaradılmasına xüsusi diqqət yetirilir.
Qeyd edək ki, film “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində ərsəyə gəlir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Mədəniyyət 2026-08-06 12:29:00