


Aşıqbayramlı gölü – İsmayıllının yeni turizm incisi VİDEO
İsmayıllı, 6 avqust, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Aşıqbayramlı gölü.
İsmayıllı deyəndə, adətən Lahıc, Basqal və İvanovka yada düşür. Ancaq son illər bu siyahıya yeni bir məkan da əlavə olunub. Söhbət təbiətin qoynunda, dağların və yaşıllığın əhatəsində yerləşən Aşıqbayramlı gölündən gedir. Bura üz tutan hər kəs sakitliyin, təmiz havanın və füsunkar mənzərələrin ahəngindən zövq alır.

Aşıqbayramlı kəndinin adını daşıyan su anbarı 1952-ci ildə 1900 hektar əkin sahəsinin suvarılması məqsədilə istifadəyə verilib. Vaxtilə yalnız kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyan bu su hövzəsi indi həm də İsmayıllının ən gözəl istirahət məkanlarından birinə çevrilib.
Səhərin ilk şəfəqlərinin suyun üzərində yaratdığı mənzərə, axşamüstü gölə düşən Günəş şüalar və ətrafı bürüyən sükut burada keçirilən hər anı unudulmaz edir.

2021-ci ildə həyata keçirilən yenidənqurma işləri Aşıqbayramlı gölünə yeni nəfəs verib. Gölün su tutumu artırılıb, ərazi abadlaşdırılıb, giriş hissəsi yenilənib. Su anbarı yalnız turizm baxımından deyil, kənd təsərrüfatı üçün də strateji əhəmiyyət daşıyır. Burada toplanan su ehtiyatı ətrafdakı kəndlərin su təminatını yaxşılaşdırır, həmçinin min hektara yaxın əkin sahəsinin fasiləsiz suvarılmasına imkan yaradır. Aşıqbayramlı su anbarı, eyni zamanda, Göyçay rayonundakı Yekəxana su anbarının da əsas qidalanma mənbələrindən biridir.
Qaraməryəm–Şəki yolunun kənarındakı bu füsunkar məkan hər il minlərlə yerli və xarici turistin sevimli ünvanına çevrilir. Bura gələnlər kiçik qayıqlarla göldə gəzintiyə çıxır, təbiətin sakitliyindən zövq alır, dağlarla əhatələnən möhtəşəm mənzərələri seyr edir və yaddaqalan xatirələrini fotolarda əbədiləşdirirlər.
Müxbir- Rəşad Türkoğlu
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO