


Rejissor: “Nəsil yaddaşı” filmində dünyasını dəyişmiş insanların xatirələri yaşayır
Bakı, 5 avqust, AZƏRTAC
“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi növbəti beynəlxalq uğura imza atıb. Filmin rejissoru Babək Abbaszadə İtaliyada keçirilən Braççiano Film Festivalında “Ən yaxşı qısametrajlı sənədli film rejissoru” (Best Director – Short Documentary) nominasiyasının qalibi olub.
AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə bildirib ki, 1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrindən bəhs edən “Nəsil yaddaşı” sənədli filminin əsas süjet xəttini 2020-ci il Vətən müharibəsi iştirakçısı olan bir qazinin düşüncələri təşkil edir.

Rejissor qeyd edib ki, filmin əsas özəlliyi hadisələrə nəsil yaddaşı prizmasından yanaşılmasıdır: “Filmin adından da göründüyü kimi, burada nəsil yaddaşına müraciət etmişik. Hadisələr tarixçilərin və ya tədqiqatçıların araşdırmaları əsasında deyil, birbaşa həmin hadisələrin şahidi olmuş insanların varisləri, ailə üzvləri tərəfindən nəsildən-nəslə ötürülən xatirələr əsasında təqdim olunur. İnsanların yaddaşında yaşayan, nəsildən-nəslə ötürülən həmin xatirələri tamaşaçılara çatdırmağa çalışmışıq. Biz bunu çox qiymətli materiallar hesab edirik”.
Babək Abbaszadə bildirib ki, filmdə müsahibə verən şəxslərin bir qismi artıq həyatda yoxdur: “Xoşbəxtlikdən, biz bu hadisələrin mühüm hissəsini filmə daxil edə bilmişik. Artıq həmin insanların xatirələri tarixə çevrilib. Onlar həyatda olmasalar da, söylədikləri xatirələr film vasitəsilə yaşayır”.

Rejissorun sözlərinə görə, “Nəsil yaddaşı” filmi 2025-ci ildə “Kinobiz Film” şirkəti tərəfindən istehsal olunub. Filmin istehsalına Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən postprodakşn dəstəyi göstərilib. Ekran əsərinin premyerası 2025-ci ilin dekabrında Nizami Kino Mərkəzində keçirilib. Daha sonra İsmayıllı rayonunda filmin təqdimatı baş tutub.
Qeyd edək ki, sənədli filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, prodüseri Ramil Ələkbərov, operatoru Bulud Quliyev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Rza Əsgərov, işıq rəssamı Sabit Qədirov, səs rejissoru Mehman Nadirovdur.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO