


Şəhidlərin xatirəsinə ithaf olunan kitab: “Bəyaz durnalar” VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şair Lalə İsmayılın ilk kitabı - “Bəyaz durnalar”ın təqdimatı və müəllifin qardaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl İsmayılovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, ədəbiyyatsevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı ev muzeyi”nin direktoru Güllü Eldar Tomarlı çıxış edərək kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi qiymətləndirib.
O bildirib ki, “Bəyaz durnalar” təkcə şeirlər toplusu deyil, həm də Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinə ehtiramın ifadəsidir. O, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Daha sonra müəllif Lalə İsmayıl kitabın yaranma tarixindən danışaraq bildirib ki, bu, onun ilk şeir kitabıdır. Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası və Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın dəstəyi ilə nəşr olunan kitab Zəngilan uğrunda döyüşlərdə şəhid olmuş yeddi qəhrəman polis əməkdaşının əziz xatirəsinə ithaf edilib. Həmin şəhidlərdən biri də müəllifin qardaşı İsmayıl Barat oğlu İsmayılovdur.
“Düzü, kitab nəşr etdirməyi planlaşdırmırdım. Lakin dostlarımın təkidi ilə şeirlərim bir araya toplandı və ilk kitabım işıq üzü gördü. Buna qədər türkiyəli şair Cəlaləddin Qurbəylə həmmüəllif olduğumuz “İki səs, bir nəfəs” kitabı işıq üzü görmüşdü. Hazırda növbəti kitab üzərində işləyirik və yaxın aylarda onu oxucuların ixtiyarına verməyi nəzərdə tuturuq”, – deyə Lalə İsmayıl qeyd edib.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO