


Bariton səsi ilə opera tariximizə iz qoyan Məmmədtağı Bağırov
Bu gün görkəmli sənətkarın anadan olmasının 136-cı ildönümü tamam olur
Bakı, 5 avqust, AZƏRTAC
Məmmədtağı Bağırov Azərbaycan opera sənətinin inkişafında mühüm xidmətləri olmuş görkəmli ifaçılardan biridir. Bariton səsi, zəngin səhnə mədəniyyəti və yaddaqalan obrazları ilə milli musiqi tarixində özünəməxsus iz qoyub.
AZƏRTAC xəbər verir ki, bu gün opera müğənnisi, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Məmmədtağı Bağırovun anadan olmasının 136-cı ildönümü tamam olur.
Məmmədtağı Bağırov ilk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxıb, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynayıb. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış edib.
M.Bağırov 1920-1925-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının (indiki Akademik Milli Dram Teatrı) opera truppasında fəaliyyət göstərir. O, 1925-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəyişilir. Milli operada eyni zamanda rus truppasında dünya klassiklərinin mürəkkəb və müxtəlif obrazlarının partiyalarını oxuyur. Azərbaycan musiqisinin, habelə dramaturgiyasının əvəzsiz nümunəsi sayılan “Arşın mal alan” musiqili komediyasının ilk səhnə quruluşunda (1913) M.Bağırovun zəhməti olub. O, operettanın maraqlı surətlərindən olan Süleyman və Soltan bəyi yaradıb. Aktyor oynadığı Əziz ağa (“Lənkəran xanının vəziri” – M.F.Axundzadə), Kəndli, Dərviş, Mustafa xan (“Bəxtsiz cavan”, “Pəri cadu”, “Dağılan tifaq” və “Ağa Məhəmməd şah Qacar” – Ə.Haqverdiyev), Yaralı zabit, Xalid (“Ədirnə fəthi” və “Ulduz, yaxud Trablis müharibəsi” – C.Cabbarlı), Kor ərəb, İxtiyar (“Şeyx Sənan” və “İblis” – H.Cavid), Fəraməz (“Dəmirçi Gavə” – Ş.Sami), Cansuar (“Şahın bərbəri” – A.Lunaçarski) və digər obrazların öhdəsindən məharətlə gəlib.
Sənətkarın ən yaddaqalan partiyaları isə Kərəm və Hələb paşası, Nofəl və Leylinin atası, Həsən xan (“Əsli və Kərəm”, “Leyli və Məcnun” və “Koroğlu” – Ü.Hacıbəyli), Aslan şah (“Şah İsmayıl” – M.Maqomayev), Onegin (“Yevgeni Onegin” – Pyotr Çaykovski), Doktor Bartolo (“Sevilya” – C.Rossini), Süleyman, Əsgər və Soltan bəy, Rüstəm bəy və Məşədi İbad (“Arşın mal alan” və “Məşədi İbad” – Ü.Hacıbəyli), Kərəm kişi (“Durna” – S.Rüstəm və S.Rüstəmov) hesab edilir.

Aktyor səhnəmizdə milli aktrisaların olmadığı 1915-1919-cu illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarında Əsli və Ərəbzəngi partiyalarını məharətlə ifa edib.
M.Bağırov milli səhnəmizin Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Sona Hacıyeva, Fatma Muxtarova, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva kimi ustad sənətkarları ilə bərabər çalışıb, bu sənətin inkişafına öz töhfəsini verib. Əməyi yüksək qiymətləndirilən sənətkar 1933-cü ildə “Əməkdar artist”, 1938-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Azərbaycan vokal sənətini bənzərsiz ifaları ilə zənginləşdirən Məmmədtağı Bağırov 1961-ci il aprelin 16-da Bakıda vəfat edib.
Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb VİDEO