


Beynəlxalq konfransda Azərbaycanda dinlərarası dialoqun təşviqi ilə bağlı həyata keçirilən layihələrdən danışılıb
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Konstitusiyası dinindən, etnik mənsubiyyətindən və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir, müxtəlif dini icmaların dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşaması üçün əlverişli mühit yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində “Qərbdəki müsəlman icmaları və onların islamofobiyaya qarşı mübarizədəki rolu” mövzusunda ikinci beynəlxalq konfransda Azərbaycanı təmsil edən Rəvan Həsənov səsləndirib.
Rəvan Həsənov çıxışında qeyd edib ki, Azərbaycanda multikulturalizm və dinlərarası dialoqun təşviqi, islamofobiya ilə mübarizə, gənclər arasında tolerantlıq dəyərlərinin aşılanması istiqamətində ardıcıl olaraq yerli və beynəlxalq layihələr həyata keçirilir. O, Bakıda 2023-cü ildən etibarən hər il keçirilən islamofobiyaya həsr olunmuş beynəlxalq konfransların bu sahədə qlobal dialoqun inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Rəvan Həsənov konfrans çərçivəsində Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Baş katibi Əhməd Nəbəvi ilə görüşüb. Görüşdə islamofobiya, dini ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dinlərarası dialoqun təşviqi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Sonra Rəvan Həsənov Misir Ərəb Respublikasının İslam Məsələləri Ali Şurasının Xarici əlaqələr şöbəsinin əməkdaşları üçün “Azərbaycanın multikulturalizm modeli və dinlərarası dialoq təcrübəsi” mövzusunda mühazirə oxuyub.
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO