


Yeni təmayül tədris modeli üzrə müəllimlərin seçiminə start verilib
Bakı, 4 avqust, AZƏRTAC
Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.
Bakı Şəhəri üzrə təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər dəvət olunur və Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili müəllimlərinin müsahibələri keçirilir.
Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.
Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.
İyunun 11-dən iyulun 31-dək aparılmış qeydiyyat mərhələsinin nəticələrinə əsasən, qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib.
Hazırda BŞTİ-nin tabeliyindəki tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir.
Xatırladaq ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO
Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır
Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir