


Kürşad Zorlu: Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq
Ankara, 3 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri ardıcıl və fəal şəkildə dəstəkləyir. Türk dünyasının gündəliyində duran mühüm məsələlərə daim xüsusi diqqət göstərdiyinə görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkür edirik.
Bu fikirləri AZƏRTAC-a Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlu deyib.
O, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
“Oktyabr ayında Ankarada keçiriləcək TDT Zirvə Görüşünü Türk dünyası üçün əlamətdar hadisə hesab edirik. TDT üçün mühüm qərarların qəbulunun nəzərdə tutulduğu Zirvə Görüşünün 2026-cı il oktyabrın 29-da – Respublika Günü ilə eyni tarixdə keçiriləcəyi Türkiyə vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Ankarada keçiriləcək TDT Zirvə Görüşündən qısa müddət sonra Antalyada BMT-nin COP31 İqlim Sammiti öz işinə başlayacaq.
“Türk dünyasında böyük hörmət qazanmış lider olan Prezident İlham Əliyevin Türkiyə üçün mühüm əhəmiyyət daşıyan hər iki tədbirdə iştirakını böyük məmnunluq hissi ilə gözləyirik”, – deyə Kürşad Zorlu vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO