×
A
A
A
Sazlamalar

Türkiyədə fəaliyyət göstərən tarzən: Azərbaycan musiqisini tanıtmağı özümə borc bilirəm

İstanbul, 3 avqust, AZƏRTAC
Tar mənim həyatımda xüsusi yer tutur. Bu alətə sevgim atamın tara olan böyük məhəbbətindən qaynaqlanır. Atam mənə ilk tarı hədiyyə edəndə hələ ifa etməyi bacarmırdım. Amma onu ilk dəfə sinəmə basdığım an bu alətlə mənəvi bağ qurduğumu hiss etdim. Elə həmin gündən tar mənim həyat yoluma çevrildi. Xüsusilə “Segah” muğamı ilə tanışlığım məndə dərin emosional təsir yaratdı. “Segah”ın ilk cümlələrini ifa etdiyim an keçirdiyim sevinc və həyəcan hissləri sözlə ifadə olunacaq qədər sadə deyildi. Hər ifa mənim üçün həm mənəvi rahatlıq, həm də sənətə daha möhkəm bağlanmaq demək idi.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyədə fəaliyyət göstərən tədqiqatçı, tarzən, Qazi Universitetinin doktorantı Pərviz Musayev ifadə edib.

Qarabağın qədim diyarı olan Bərdə rayonunda anadan olan Pərviz 2004-cü ildə Bərdə rayon 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almağa başladığını və 2009-cu ildə həmin təhsil müəssisəsini uğurla başa vurduğunu deyir: “Həmin il Bərdə şəhər 4 saylı uşaq incəsənət məktəbinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edirdilər. Onların qarşısında çıxış etmək mənim üçün böyük qürur və unudulmaz xatirə oldu. Məktəb illərində Bərdə rayonunu müxtəlif müsabiqə və festivallarda uğurla təmsil etmişəm. Daha sonra təhsilimi davam etdirmək üçün Bakıya köçdüm və Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul oldum. Burada təhsil aldığım müddətdə Əhməd Bakıxanov adına kolleclərarası musiqi müsabiqəsində III yerə layiq görüldüm. 2013-cü ildə isə beynəlxalq muğam müsabiqəsinin finalçıları sırasında yer alaraq tanınmış sənətkarlar qarşısında çıxış etdim. Burada təhsilimi tamamladıqdan sonra iki il Bərdə rayon 4 nömrəli Uşaq İncəsənət Məktəbində tar müəllimi kimi çalışdım, gənc ifaçıların yetişməsinə töhfə verdim. Burada da ikinci dəfə 2015-ci ildə 1 saylı uşaq incəsənət məktəbinin açılışında ölkə başçımızın qarşısında çıxış etmək mənə qismət oldu və bu ifanın maraqla dinlənməsi yaradıcılıq yolumda mühüm motivasiya mənbəyinə çevrildi”.
Elə həmin il Azərbaycan Milli Konservatoriyasına qəbul olunan Pərviz Xalq artisti Elçin Həşimovun sinfində təhsil alıb: “Muğamın incəliklərini və tar ifaçılığının peşəkar sirlərini məhz ustadım Elçin müəllimdən öyrəndim. Onun sənətə yanaşması və ifaçılıq üslubu yaradıcılığımın formalaşmasında mühüm rol oynadı”.
Sonradan o, musiqi təhsilini davam etdirmək üçün qardaş Türkiyəyə üz tutub. 2019-cu ildə İstanbul Universiteti Dövlət Konservatoriyasında magistratura təhsilinə başlayıb və dissertasiya işini "XX əsr Azərbaycan musiqisi və Qara Qarayev yaradıcılığında Şərq və Qərb sintezi" mövzusu üzərində yazıb. Onun bu dissertasiyası Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 2025-ci ilin dekabr ayında Türkiyədə nəşr edilib: “Kitabın əsas məqsədi bu sahədə mövcud boşluğu doldurmaq və Azərbaycan musiqi irsini türk oxucusuna daha yaxından tanıtmaq olub. Əsərdə Azərbaycan bəstəkarlıq məktəbinin formalaşma və inkişaf mərhələləri, Üzeyir Hacıbəylinin yaradıcılığı, Azərbaycan musiqisində Şərq və Qərb musiqi ənənələrinin sintezi, eyni zamanda, Qara Qarayev yaradıcılığında bu sintezin bədii təzahürü, eləcə də bəstəkarın beş əsəri musiqişünaslıq baxımından elmi əsaslarla geniş təhlil edilib. Hazırda kitab Türkiyənin müxtəlif universitet və kitabxanalarının fondlarında yer alır və Azərbaycan musiqisinin tanıdılması istiqamətində mühüm elmi mənbələrdən biri kimi istifadə olunur”.

Hazırda Qazi Universitetində doktorantura təhsilini davam etdirən musiqiçi sözlərinə belə davam edib: “Doktorantura tədqiqatım Azərbaycan muğam sənətinə həsr olunub. Bununla yanaşı, Azərbaycan mədəniyyətinin və musiqisinin beynəlxalq müstəvidə təbliğinə yönəlmiş yeni layihələr üzərində fəaliyyətimi davam etdirirəm. Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan yeni kitabın üzərində çalışırıq. Kitabın İstanbulda nəşr olunması və təqdimatı nəzərdə tutulur. Əsas məqsədimiz Üzeyir Hacıbəyli irsini beynəlxalq auditoriyaya tanıtmaq, onun zəngin yaradıcılığını daha geniş oxucu kütləsinə çatdırmaq və Azərbaycan musiqi mədəniyyətini elmi müstəvidə təbliğ etməkdir. Hesab edirəm ki, Azərbaycan musiqisi uzun illərdir beynəlxalq səviyyədə əsasən ifaçılıq sənəti vasitəsilə tanıdılır. Musiqiçilərimiz dünyanın müxtəlif ölkələrində çıxış edərək, milli musiqimizi uğurla təmsil edirlər. Bununla yanaşı, Azərbaycan musiqisini həm ifaçılıq, həm də elmi-tədqiqat və akademik nəşrlər vasitəsilə beynəlxalq elmi ictimaiyyətə təqdim edən mütəxəssislərin sayı çox deyil. Qeyd edim ki, tələbə olaraq İstanbul kimi bir şəhərdə fəaliyyətimdə iki istiqaməti – ifaçılığı və elmi araşdırmaları bir araya gətirmək heç də asan başa gəlmir. Lakin Azərbaycan musiqisi o qədər dərin, köklü və zəngindir ki, onu həm elmi, həm də ifaçılıq baxımından təmsil etməyi Azərbaycan vətəndaşı olaraq özümə borc bilirəm və bundan qürur duyuram. Məqsədim Azərbaycan musiqisini yalnız səhnədə deyil, həm də elmi əsərlər və beynəlxalq akademik platformalar vasitəsilə layiqincə təmsil etməkdir.”
Pərvizin “TRT İstanbul” radiosunun arxivi üçün nəzərdə tutulan ilk albomu 2025-ci ildə 28 May–Müstəqillik Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gəlib və bu rəqəmsal albom milli musiqi irsinin qorunması, təbliği və rəqəmsal platformalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması məqsədini daşıyır. Layihə çərçivəsində Azərbaycan xalq musiqisinin zəngin ənənələrini əks etdirən və xalqın tarixi yaddaşında xüsusi yer tutan dörd xalq mahnısı müasir musiqi yanaşması ilə yenidən təqdim olunub. Bununla bağlı danışan tarzən deyib: “Albomun repertuar seçimi təsadüfi deyil və milli kimlik, Vətən sevgisi və mədəni yaddaş kimi anlayışların musiqi dili ilə ifadə olunmasına xidmət edir. Xüsusilə Qarabağ və Qərbi Azərbaycan mövzularını əks etdirən əsərlər vasitəsilə tarixi-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi əsas məqsədlərdən biri olub. Albom ilk dəfə “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramında ictimaiyyətə təqdim edildi”.
O, eyni zamanda, İstanbulda fəaliyyət göstərən “Rüzgar” musiqi qrupunun bədii rəhbəridir: “Qrupumuzun əsas məqsədi beynəlxalq auditoriya qarşısında Azərbaycanı, o cümlədən milli musiqimizi fərqli və yenilikçi yanaşma ilə layiqincə təqdim etməkdir. Biz yalnız ənənəvi və artıq formalaşmış repertuarlarla kifayətlənməyərək, Azərbaycan musiqisinin zənginliyini yeni təqdimat formaları ilə dünyaya çatdırmağı hədəfləyirik. Repertuarımızda Azərbaycan musiqisi ilə yanaşı, digər Türk dünyası ölkələrinin musiqi nümunələrinə də yer veririk. Gələcək layihələrimizdə Türk dünyasının ortaq mədəni dəyərlərini özündə birləşdirən xüsusi kompozisiyalar hazırlayacağıq. Məqsədimiz müxtəlif ölkələrin musiqi irsini bir araya gətirərək, mədəni əlaqələri gücləndirmək və bu yolla Türk dünyasının mədəniyyətinə töhfə verməkdir. “Rüzgar” Qrupu olaraq, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin bu ölkədə təşkil etdiyi mədəni tədbirlərdə mütəmadi olaraq iştirak edirik”.

Pərviz Musayev tarın Türkiyə dinləyicisi tərəfindən necə qarşılanmasına da toxunub: “Tarı ifa edərkən Azərbaycan dinləyicisi ilə yanaşı, xarici auditoriyanın reaksiyası da xüsusi diqqət çəkir. Tarın səsi ilə Azərbaycan musiqisinə ilk dəfə qulaq asan insanlar bu alətin səsinə, ifa xüsusiyyətlərinə və səhnədəki görünüşünə heyran olduqlarını bildirirlər. Xüsusilə tarın sinə üzərində ifa olunması onlar üçün çox fərqli və maraqlı təqdimat formasıdır. Mizrabın simlərə toxunuşu ilə yaranan xüsusi tembr və səs dalğaları dinləyicidə emosional təsir yaradır. Bu, sadəcə bir musiqi alətinin səsi deyil, həm də Azərbaycan mədəniyyətinin, muğam ənənəsinin ifadəsidir. Üzeyir Hacıbəyli xüsusilə vurğulayırdı ki, Azərbaycan musiqisi və muğamı müxtəlif alətlərdə və fərqli ifaçılar tərəfindən səsləndirilə bilər. Lakin əsas məsələ alətin özü deyil, muğamın daxili üslubunun, ifa tərzinin və milli xarakterinin qorunmasıdır. Azərbaycan muğamının əsas xüsusiyyəti də məhz onun özünəməxsus ruhunda, ifadə formasında və musiqi düşüncəsindədir. Mən də fəaliyyətimdə Azərbaycan musiqisini beynəlxalq səviyyədə layiqincə təmsil etməyə çalışıram. Gələcək akademik və yaradıcılıq fəaliyyətimdə Azərbaycan xalq musiqisinin zəngin əsaslarını da beynəlxalq auditoriyaya təqdim etməyi qarşıma məqsəd qoymuşam. İnanıram ki, dünya musiqi mütəxəssislərinin Üzeyir Hacıbəyli məktəbini və Azərbaycan musiqi düşüncəsini öyrənməsinə ehtiyac var”, - deyə tədqiqatçı diqqətə çatdırıb.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2026-08-03 17:01:00