×
A
A
A
Sazlamalar

Polad Bülbüloğlu: Elçin müəllim xalqını, millətini və ana dilini ürəkdən sevən bir insan idi

Bakı, 3 avqust, AZƏRTAC
Xalq yazıçısı Elçin Əfəndiyevin ölkəmizin inkişafında, xüsusilə humanitar və mədəniyyət sahələrinin tərəqqisində mühüm xidmətləri olub. O, görkəmli yazıçı, publisist, dramaturq və böyük ziyalı kimi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Onun zəngin yaradıcılığı, milli ədəbiyyatımıza bəxş etdiyi dəyərli əsərlər və mənəvi irsi gələcək nəsillər üçün də qiymətli örnək olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
“Elçin Əfəndiyev Azərbaycanın ən çətin dövrlərində humanitar sahəyə rəhbərlik edirdi. Həmin vaxt qarşıda çoxlu problemlər, həllini gözləyən mühüm məsələlər var idi. Biz saatlarla bu problemləri müzakirə edirdik. Elçin müəllim xalqını, millətini və ana dilini ürəkdən sevən bir insan idi. Onun adı və irsi Azərbaycan mədəniyyət tarixində həmişə böyük ehtiramla anılacaq", – deyə Polad Bülbüloğlu vurğulayıb.

Müxbir – Gülay Nəzərova
Fotoqraf – Orxan Kərimov

Mədəniyyət 2026-08-03 14:35:00