


Dörd nüfuzlu universitetdən qəbul təklifi alan Əli Xəlilov: Xaricə yalnız diplom almaq üçün getməməliyik MÜSAHİBƏ
Bakı, 3 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) kompüter mühəndisliyi ixtisası üzrə məzunu Əli Xəlilov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Vorvik Universitetində kibertəhlükəsizlik ixtisası üzrə magistratura təhsili almaq hüququ qazanıb. O, eyni zamanda, Böyük Britaniyanın Mançester, Bristol və Birminhem universitetlərindən qəbul məktubu alıb, həmçinin Azərbaycan ilə Çin arasında Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 2026–2027-ci tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanan 20 Azərbaycan vətəndaşından biri olub. Əli Xəlilov AZƏRTAC-a müsahibəsində Dövlət Proqramına qəbul prosesi, Böyük Britaniyanı və Vorvik Universitetini seçməsinin səbəbləri, BMU-da qazandığı təcrübə, karyera hədəfləri barədə danışıb. Müsahibəni təqdim edirik.
– Dövlət Proqramına qəbul prosesi sizin üçün necə keçdi?
– Mən deyərdim ki, Dövlət Proqramına qəbul prosesində müsahibəyə qədər olan mərhələ kifayət qədər rahat keçdi. Çünki əsas məsələ tələb olunan sənədləri proqramın təqdim etdiyi qaydalara uyğun şəkildə hazırlayıb sistemə yükləməkdir. Bu mərhələdə sənədlərin düzgün tərtib olunması vacibdir. Müsahibə mərhələsi də mənim üçün kifayət qədər rahat keçdi. Bunun əsas səbəbi bakalavriat təhsilim dövründə həm müxtəlif iş müsahibələrində, həm də startup layihələri çərçivəsində çoxsaylı müsahibələrdə iştirak etməyim idi. Bu təcrübələr mənə həyəcanı idarə etməyi, fikirlərimi aydın ifadə etməyi və auditoriya qarşısında rahat danışmağı öyrətdi.
Fikrimcə, müsahibədə vacib amillərdən biri özünəinamdır. Əgər özünüzə və əldə etdiyiniz nailiyyətlərə inanırsınızsa, bunu qarşı tərəf də hiss edir. Təbii ki, hazırlıq mütləq vacibdir. Amma hazırlıqla yanaşı, özünəgüvən və səmimi olmaq namizədi digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Mən də müsahibəyə məhz bu yanaşma ilə qatıldım və bunun mənə müsbət təsir etdiyini düşünürəm.
– Digər qəbul imkanlarınız olsa da, niyə məhz Böyük Britaniyanı seçdiniz?
– Bunun əsas səbəblərindən biri magistr proqramlarının bir il davam etməsidir. Bu, həm vaxt baxımından səmərəlidir, həm də qazandığım bilikləri daha tez praktikada tətbiq etməyə imkan verir. Digər səbəb isə Böyük Britaniyanın kibertəhlükəsizlik sahəsində güclü akademik və sənaye mühitinə sahib olmasıdır. Universitetlər, tədqiqat mərkəzləri və sənaye arasında sıx əməkdaşlıq mənə həm nəzəri, həm də praktik biliklər qazandıracaq.
Böyük Britaniyanın startap ekosistemi mənim üçün xüsusi maraq doğurur. Mən bu mühiti yaxından öyrənərək gələcəkdə əldə etdiyim bilik və təcrübəni Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafına töhfə vermək üçün istifadə etməyi planlaşdırıram. Məhz bu səbəblərə görə Böyük Britaniyanı seçdim.

– Kibertəhlükəsizlik ixtisası və Vorvik Universitetində təhsil almaq qərarına necə gəldiniz?
– Kibertəhlükəsizlik ixtisasını seçməyimin əsas səbəbi bu sahənin müasir dövrdə ən sürətlə inkişaf edən və ən çox ehtiyac duyulan istiqamətlərdən biri olmasıdır. Rəqəmsallaşmanın artması ilə kibertəhlükəsizlik dövlət qurumları, maliyyə sektoru və kritik infrastrukturlar üçün strateji əhəmiyyət daşıyır. Mən də bu sahədə texniki biliklərimi dərinləşdirərək real təhlükəsizlik problemlərinin həllinə töhfə vermək istəyirəm.
Vorvik Universitetini isə proqramının məzmununa görə seçdim. Proqram nəzəri biliklərlə yanaşı, sənaye yönümlü layihələr və praktik təcrübə təqdim edir ki, bu da mənim karyera hədəflərimlə tam üst-üstə düşür. Bundan əlavə, universitetin güclü laboratoriya və tədqiqat mühiti mənə həm akademik, həm də peşəkar inkişaf üçün ideal imkanlar yaradacaq. Məhz buna görə Vorvik Universitetinin mənim üçün ən doğru seçim olduğuna inanıram.
– BMU-da keçirdiyiniz tələbəlik illərini necə dəyərləndirirsiniz? Burada təhsil almaq sizdə hansı keyfiyyətləri formalaşdırdı?
– BMU-da keçirdiyim tələbəlik illərini həyatımın ən dəyərli inkişaf mərhələlərindən biri hesab edirəm. Universitet mənə yalnız akademik biliklər deyil, eyni zamanda, komanda ilə işləməyi, fərqli insanlarla ünsiyyət qurmağı və müxtəlif baxış bucaqlarını anlamağı öyrətdi.
Mən tələbəlik illərindən maksimum faydalanmağa çalışdım. Startap layihələrində fəal iştirak etdim, bir neçə layihədə aparıcı komanda üzvü kimi çalışdım və bu proses mənə liderlik, məsuliyyət və qərarvermə bacarıqları qazandırdı.
Mənim üçün ən böyük uğurlardan biri isə 2025-ci ildə komandamızla birlikdə TEKNOFEST-də finalçı olmağımız idi. Bu təcrübə mənə beynəlxalq səviyyədə rəqabət aparmağın mümkün olduğunu göstərdi və daha böyük hədəflər üçün motivasiya verdi. Ümumilikdə, BMU mənə təkcə peşəkar bilik deyil, həm də təşəbbüskar olmağı, imkanlardan maksimum istifadə etməyi və daim inkişaf etməyi öyrətdi.

– Karyera hədəfiniz nədən ibarətdir?
– Karyera hədəfim Azərbaycana qayıdaraq dövlət sektorunda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməkdir. Hesab edirəm ki, rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır və mən də bu prosesə öz bilik və bacarıqlarımla töhfə vermək istəyirəm.
Məqsədim yalnız mövcud sistemlərdə çalışmaq deyil, eyni zamanda, innovativ yanaşmaların tətbiqinə dəstək verməkdir. Magistratura təhsili müddətində əldə edəcəyim bilikləri və beynəlxalq təcrübəni Azərbaycanda tətbiq edərək daha təhlükəsiz, dayanıqlı və müasir kibertəhlükəsizlik həllərinin formalaşdırılmasına töhfə verməyə çalışacağam.
Uzunmüddətli perspektivdə isə özümü tədqiqatçı kimi inkişaf etdirmək istəyirəm. Fikrimcə, güclü mütəxəssis yalnız mövcud texnologiyalardan istifadə edən deyil, həm də yeni həllər yaradan və elmi araşdırmalar aparan şəxs olmalıdır. Bu səbəbdən gələcəkdə həm praktiki fəaliyyət göstərmək, həm də tədqiqat layihələrində iştirak edərək kibertəhlükəsizlik sahəsinin inkişafına töhfə verməyi planlaşdırıram.
Ümid edirəm ki, Böyük Britaniyada əldə edəcəyim təhsil və təcrübə bu məqsədlərə çatmağım üçün mənə möhkəm zəmin yaradacaq.
– Xaricdə təhsil almağı hədəfləyən gənclərə hansı tövsiyələri verərdiniz?
–Xaricdə təhsil almaq sadəcə başqa ölkədə universitet oxumaq deyil; bu, insanın həyatında dönüş nöqtəsidir. Buna görə də ora getməzdən əvvəl məqsədinizi dəqiq müəyyənləşdirməli və nə üçün getdiyinizi aydınlaşdırmalısınız. Xaricdə təhsil müəyyən çətinliklər, məsuliyyət və yeni mühitə uyğunlaşma tələb edir. Əgər qarşınıza konkret hədəflər qoymusunuzsa və qərarlısınızsa, bu proses sizin üçün daha məhsuldar olacaq.
Hesab edirəm ki, insan xaricə yalnız diplom almaq üçün deyil, yeni biliklər, yeni baxış bucaqları və beynəlxalq təcrübə qazanmaq üçün getməlidir. Ən vacibi isə bu təcrübədən gələcəkdə öz ölkəsinin inkişafına töhfə vermək üçün istifadə etməkdir.
Müxbir-Nərmin Muradzadə
Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO
Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır
Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir