


Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır
Bakı, 31 iyul, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb.
AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Pan-Afrika İttifaqı-2063 Gündəliyinin həyata keçirilməsində parlamentlərin mühüm rol oynadığını vurğulayıb. Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Azərbaycanın Afrika ölkələri üçün etibarlı tərəfdaş olduğunu bildirib, tərəfləri ortaq dəyərlərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin birləşdirdiyini söyləyib. O, parlament diplomatiyasının xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraqların təşviqində mühüm rol oynadığını qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib. Spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, siyasi dialoqun möhkəmləndirilməsinin, qarşılıqlı etimadın artırılmasının və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
Sahibə Qafarova parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət edəcəyini və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə institusional əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və ortaq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Cibuti Milli Assambleyasının Birinci vitse-prezidenti, Pan-Afrika Parlamentinin fəxri vitse-prezidenti Safia Elmi Cibril ilə də görüşüb.
Görüşdə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO